BİZNES

“Əgər yatsan, arzularını yuxuda görərsən”- Uğur hekayəsi
28 MAY
734

“Əgər yatsan, arzularını yuxuda görərsən”- Uğur hekayəsi

2016-05-28 10:27:00

Uğura aparan yolda məqsədlərini əvvəlcədən dəqiqləşdirib. Gənclərə də məsləhət görür ki, qarşılarına məqsəd qoyurlarsa, sona qədər çalışsınlar, uğursuzluqla üzləşəndə geri çəkilməsinlər. Həyatlarında onların fikirlərini yayındıran, vaxtlarını boş-boşuna alan faktorlara, xüsusilə sosial şəbəkələrə aludə olmasınlar. Müsahibimiz PAŞA Bankda Korporativ məhsul idarəetmədən məsul Tural Nəbizadədir. 
 
- Tural bəy, əvvəlcə təhsiliniz barədə danışaq...

- İlk təhsilimi Bakı Dövlət Universitetində Ətraf mühiti mühafizə və təbii sərvətlərdən səmərəli istifadə sahəsi üzrə almışam. Özümü 6 il təhsilə həsr edəndən sonra potensialımı orada daha yaxşı realizə etməyin mümkünlüyünü görmədiyimə görə profilimi dəyişdim. Əslində bakalavr pilləsində oxuyarkən 4-cü kursdan telekommunikasiya sahəsində çalışdım və biznes, marketinq arxasınca gedəcəyimə qərar verdim. Sonra Böyük Britaniyanın Liverpul Universitetində Qlobal marketinqin idarə edilməsi ixtisası üzrə magistratura pilləsində təhsil aldım. Bundan əlavə, İnformasiya Texnologiyaları və telekom sahəsində Biznesin inkişafı üzrə İsveçin KTH Universitetinin kursunu, İrlandiyanın Rəqəmsal Marketinq İnstitutunda professional rəqəmsal marketinq kursunu bitirdim.

Hesab edirəm ki, təhsil davamlı olmalıdır. Hazırda da aktiv formada məhsulu idarəetmə sahəsi, rəqəmsal marketinq üzrə biliyimi inkişaf etdirməyə çalışıram. Eyni zamanda, təcrübəmi yazdığım məqalələrlə, müxtəlif tədbirlərdəki çıxışlarımla gənclərimizlə bölüşürəm. Təhsil və təcrübənin sintezi çox önəmlidir. 
 
- Bakalavr pilləsində oxuyarkən 4-cü kursdan işə başlamısınız. İşlə dərsi çatdırmaq çətin deyildi ki?

- Xeyr. Çünki düzgün planlaşdırmağı bacarmış, balansı tuta bilmişdim. Dərsdən sonra işə gedir, işdən sonra dərslərimi hazırlayırdım. Düşünürdüm ki, bir gənc kimi öz tələbatlarımı özüm ödəməliyəm. Əslində işə başlamağım şəxsi maliyyə vəziyyətimin aşağı olması ilə əlaqədar deyildi. Müstəqil surətdə qərar vermə bacarıqlarımın olması üçün işləməyin önəmli olduğunu anlayırdım. Zənnimcə, işə bir az gec başlamışam. Daha erkən başlasaydım, bəlkə fərqli təcrübəm olardı. Amma yenə də həyat iş dünyasına tez atılmağımın əvəzini mənə verdi. Davamlı olaraq əldə etdiklərimə görə çox məmnunam. 
 
- Bu gün bir çox gənclər və valideynlər düşünür ki, bakalavr pilləsini bitirdikdən sonra işləmək məsləhətdir, təhsil ili müddətində yalnız oxumalısan. Nə dərəcədə düzgün yanaşmadır?

- Əgər tələbə qarşısına elm və digər nəzəri sahələr üzrə inkişafı məqsəd qoyursa, o zaman bu mülahizə özünü doğruldur. Lakin gəliri əldə etdiyin bilikləri təcrübi olaraq tətbiq edərək qazanacaqsansa, gözləmək lazım deyil. 
Elə insan var ki, deyir, filan səviyyəni də bitirim, sonra işləməyə başlayım. Yadda saxlamaq lazımdır ki, səviyyələr heç vaxt bitmir. Özümdən götürüm, həmişə oxuduqca biliklərimi işə tətbiq etməyə çalışıram. Düşünürəm ki, insan oxuduqlarını mütəmadi olaraq tətbiq etməlidir. Yalnız universiteti bitirəndən sonra aldığın bilikləri təcrübədə tətbiq etsən, ciddi hədəflərin öhdəsindən gələ bilməzsən. Reallıq belədir. 
 
- 9 il "Azərcell”də çalışmısınız. Tələbə vaxtından işə başladığınız şirkəti tərk edib başqa bir şirkətdə işləməyə qərar vermək çətin olmadı ki? 

- 2004-cü ildə "Azərcell”də müştəri xidmətləri şöbəsində işə başlamışam. Bu, həyatımda önəmli hadisələrdən biri idi və peşəkar kimi proses, nəticə yönümlü olmağımda çox böyük rol oynadı. Zəhmətimin bəhrəsi kimi mütəmadi olaraq irəliləmişəm. Bir müddətdən sonra Marketinq departamentində işimə davam etdim, sonra Əlavə dəyərli xidmətlərin idarə edilməsi departamentinə keçdim. Karyeramın "Azercell”dəki son dönəmində abunəçilərin yeni texnologiyalardan istifadə etməsinə yönəlmişdim. "Azercell”i tərk etməyimin səbəbi digər şirkətdən iş təklifi almağım oldu. Azərbaycanda mobil marketinq sahəsi üzrə fəaliyyət göstərən şirkət məni direktor vəzifəsinə dəvət etdi. Özümü həmin gün üçün hazır bildiyimə görə razılaşdım. Məni "Azercell”ə təkcə iş bağlamırdı, dostlarımın, tanışlarımın orada olması, həyat yoldaşımla orada tanış olmağımız kimi həssas məqamlar var idi. Xarici ölkəyə təhsil almağa gedən tələbənin hissləri tək bütün çevrəmdən müəyyən qədər təcrid olacağımı düşünürdüm, amma bu hissin müvəqqəti olduğunu bilirdim. "Azercell” şirkətinə verdiyi bütün möhkəm və yumşaq biliklərə görə hər zaman təşəkkür etmişəm və edəcəm.
 
- Sonra PAŞA Bankda işə başladınız…

- Bir ildən sonra PAŞA Bankdan mənim üçün tamamilə yeni olan sferada - maliyyə sektorunda işləmək təklifi aldım. Öncə Bankın Strategiya və marketinq departamentində işə başladım. Hazırda isə Korporativ məhsul idarəetmə meneceri kimi fəaliyyətimi davam etdirirəm. Əvvəlki şirkətlərdən qazandığım təcrübə, insanlarla ünsiyyət bacarığım, çəkinməmək, məqsədyönlü, yaxşı mənada nəticəyönümlü olmağım çiyinlərimə düşən vəzifəni yerinə yetirməyimə kömək edir. 
 
- Sizcə, yaxşı rəhbər olmaq üçün bir insanda əsas hansı üç xüsusiyyət olmalıdır?

- Rəhbər şəxs ierarxiya strukturuna görə heç bir formada öz komandasından ayrılmamalıdır. Həm bilik, həm bacarıq baxımından onlara dəstək olmalı, yol göstərməli, fikirlərini komandası ilə bölüşməlidir. Eyni zamanda, üfüqi görməli və bunu öz əməkdaşları ilə paylaşmalıdır. Üfüqü görməsə, əməkdaşları ya çayın axınına qarşı gedən, ya da meşədə hara getdiyini bilməyən adam təəssüratı yaradacaq. 

İkincisi, davamlı olaraq intizama yönümlü olmalıdır. Hər bir işçi çox güclü mütəxəssisdir. Həmin mütəxəssisin biliklərini işə yararlı formada tətbiq etməsi məhz intizama yönümlü olmaqla əlaqədardır. 

Üçüncüsü, liderlik bacarıqlarını göstərməli, davamlı olaraq təşəbbüskar fikirlər irəli sürməlidir.
 
- Bəs idarəçilikdə mikroidarəetmə nə dərəcədə düzgündür. Rəhbər hər xırda işə görə işçidən hesabat istəməli, işin gedişatı barədə informasiya tələb etməlidirmi? 

- Peşəkar idarəçilər mikroidarəetməyə deyil, "bir dəqiqəlik idarəetmə”yə üstünlük verirlər. Çalışırlar ki, mikroidaretmədən bir az uzaq olsunlar. 

Mikroidarəetmə həm Qərb təcrübəsində, həm də digər inkişaf etmiş dövlətlərdə çox da arzu olunan idarəçilik növü deyil. Bu idarəetmə üsulu insanın gördüyü işin yeknəsək olmasına gətirib çıxarır. 

"Bir dəqiqəlik idarəetmə”yə əsasən, işçiyə yetərli izahat verir və üfüqün harada olduğunu göstərirsən. Artıq o, müstəqil surətdə işini görür və nəticələri səninlə bölüşür. 

Amma elə layihələr var ki, onların riski çox böyükdür. Bu zaman rəhbər işçisi ilə bir yerdə qollarını çırmalayaraq anbaan, sahəbəsahə, pilləbəpillə bərabər işləməlidir. Burada heç işçi də mikroidarəetmədən usanmır, əksinə, məsuliyyətli işdə rəhbərin onunla bərabər yükün altına girməsindən məmnunluq duyur. 
 
- Bir işçini nə motivasiyadan sala bilər? 

- İşçinin həyata keçirdiyi işlərin zəruriliyini dəyərləndirməmək onun  motivasiyasını aşağı sala bilər. Əgər insanlar həqiqətən özlərini işə fəda edirlərsə, hətta işlərini şəxsi işlərindən çox sevirlərsə, o zaman onları dəyərləndirmək mütləqdir. Ümumilikdə isə işçilərə tövsiyəm odur ki, işçi məntiqi ilə deyil, sahibkar məntiqi ilə çalışsınlar. Bu, onları zəngin təcrübə ilə inkişaf etdirəcək və özlərinə əminliyi artıracaq. İnsan hər hansı biznes imkanını, yeni müştəri tələbatını hiss etdiyi an onu müstəqil reallaşdıra bilməsi üçün hazır olmalı, həyatında dəyişiklik edə bilməkdən qorxmamaq üçün sahibkar ruhlu olmalıdır. 
 
- Özünüzü necə motivasiya edirsiniz?

- Çox gözəl ailəm, gözəl övladım, böyük ətrafım, yaxşı dostlarım var.  Xaraktercə elə insanam ki, yeni insanlarla görüşməyi sevirəm və buna çalışıram. Yenilik hər zaman məni özünə cəlb edir. İnsan sosial ortamı kiminləsə bölüşməsə, yeniliyə açıq olmasa, onun üçün yaşamaq, irəliləmək çətin olar və bir müddət sonra özünü dəbdən düşmüş, ya da istiqamətsiz sayar. İnsan o zaman qocalır ki, o, yeniliklərdən, dəyişikliklərdən qorxur. Dəyişikliklər gözəldir, onlardan qorxmaq lazım deyil.  
 
- Adətən qarşılarına böyük hədəflər qoyan insanlar yuxularından "kəsməli” olurlar. Siz necə, yuxunuzdan "oğurlayırsınız”?

- Bir müddətdir, sutka ərzində 6 saat yatmağa alışmışam. Qərb ədəbiyyatında gözəl bir deyim var: "Əgər yatsan, arzularını yuxuda görərsən, yatmasan, həyatda gerçəkləşdirərsən”. Buna görə hesab edirəm ki, orqanizmimiz imkan verirsə, stressə düşmürüksə, həyatımızı düzgün planlaşdıra bilmişiksə, işlərimizi bitirəndən sonra yatmaq daha yaxşı olar. Amma qarşınıza qısamüddətli və keşməkeşli  hədəf qoymusunuzsa və yatmaq hansısa formada sizi hədəfinizdən çəkindirirsə, bir müddət yatamamaq bəlkə də düzgün olar. 
 
- Tural bəy, gərgin iş həftəsindən sonra istirahətinizi necə təşkil edirsiniz?

- Divanda uzanıb ayaqlarımı uzadaraq istirahət edənlərdən deyiləm. İstirahət günləri ailəmlə yaz evinə gedir, təbiət qoynunda dostlarımla görüşürük. Hər şənbə günü bədii ədəbiyyat oxumağa çalışıram. Mütaliə mənə mənəvi rahatlıq verir. Oxumaq insana hələ də ictimai dəyərli mühitdən ayrılmamaqda köməklik göstərir. Həftə sonu fərqli mənəvi qida almaq, mümkündürsə işi ikinci plana çəkmək növbəti iş həftəsində sənə daha yeni dalğada işləməyə imkan verir. 
Onu da qeyd edim ki, son vaxtlar sosial şəbəkələrdə az vaxt keçirməyə çalışıram. Gənclərə məsləhət görərdim ki, mobil telefonlarında facebook-dan istifadə etməsinlər, ümumiyyətlə, facebook tətbiqetməsini telefonlarından silsinlər. Sosial şəbəkə bataqlıq kimi insanları dartır və vaxtının haradan gəlib, haradan getdiyini bilmirsən, boş vaxtını dəyərləndirməyi bacarmırsan. 
 
- Uğur sirriniz nədədir?

- Uğura aparan yolda məqsədlərimi əvvəlcədən dəqiqləşdirmişəm. Gənclərə də məsləhət görürəm ki, qarşılarına məqsəd qoyurlarsa, sona qədər çalışsınlar, uğursuzluqla üzləşəndə geri çəkilməsinlər, məqsədlərinə doğru irəliləsinlər. Həyatlarında onların fikirlərini yayındıran, vaxtlarını boş-boşuna alan faktorlara (məsələn, sosial şəbəkələrə - T.N.) aludə olmasınlar. Öz hədəflərini mütləq surətdə hamı ilə bölüşsünlər, ictimailəşdirsinlər. Sənin özünlə bölüşdüyün hədəfin yaddan çıxa bilər, amma başqaları ilə bölüşürsənsə, o hədəfə görə məsuliyyət daşıyırsan. Peşəkar rəqqaslar, aktyorlar tanıyırıq ki, onların zəhməti bizim zəhmətimizdən qat-qat, dəfələrlə artıqdır. Amma onlar fikirlərindən dönmürlər  və sonda həm istədikləri işi, həm də sərvəti, şöhrəti qazanırlar.

Bir də tövsiyə edərdim ki, şansa inanmaqdan daha çox, özlərini qarşılarına çıxacaq şansa hazırlasınlar. İnsan özünü qarşısına çıxa biləcək şansa hazırlamalıdır ki, şans gələndə qorxub kənara çəkilməsin, ondan alnıaçıq bəhrələnsin.
Son olaraq istərdim ki, yalnız öyrənməklə kifayətlənməsinlər. Öyrənərək həm də öyrətsinlər. Bu bacarıq onlara çox fayda verəcək. Biz özümüz üçün nəyisə öyrənə bilərik, lakin onu öyərtmə hissi bizi həm daha məsuliyyətli olmağa çağırır, həm də motivasiyamızı artırır. Bir də görəcəksiniz ki, ətrafınızda sizinlə eyni dəyərləri və eyni gələcəyi bölüşən nə qədər insan var və onlar sizin biznes çevrənizin ayrılmaz hissəsidir. 

Mənbə: Kaspi.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275