SƏNAYE

Pambıq istehsalçısı planlarını açıqladı – ƏLAVƏ TORPAQ LAZIMDIR
12 OKTYABR
267

Pambıq istehsalçısı planlarını açıqladı – ƏLAVƏ TORPAQ LAZIMDIR

2016-10-12 14:12:00

Azərbaycanın ən böyük pambıq istehsalçısı olan «MKT istehsalat kommersiya» şirkəti bu sahəyə 20 milyon dollardan artıq vəsait yatırmaq niyyətindədir. Həmin vəsaitlər yeni pilot təsərrüfatlarının yaradılmasına, pambıq əkini sahələrinin genişləndirilməsin və pambıq emalı zavodlarının modernləşdirilməsinə sərf ediləcək.  Bu barədə fins.az-a şirkətin baş direktoru Eldəniz Quliyev bildirib. 

20 milyon dollar borc alacaq

Qeyd edək ki, şirkət adı çəkilən vəsaitin cəlb edilməsi üçün ilk addımlara başlayıb, bu pullar istiqraz buraxılması üsulu ilə əldə ediləcək. Belə ki, Maliyyə Bazarlarına Nəzarət Palatası oktyabrın 6-da «MKT İstehsalat Kommersiya» MMC-nin 20 milyon dollarlıq istiqraz emissiyasını qeydiyyata alıb. Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 ABŞ dolları olan 20 000 ədəd istiqrazın buraxılması nəzərdə tutulub. İki illiyə buraxılan istiqrazların illik gəlirliliyi 6% olacaq.

Eləcə də bax: 4 zavodu alan şirkət: «İnvestisiya yatıracağıq» - ÖZƏLLƏŞDİRMƏ

Əkin sahələrini genişləndirəcəyik

E.Quliyev bildirib ki, əldə edilən vəsait pambıqçılığın inkişafı üçün bir neçə istiqamətə sərf ediləcək:  «Əvvəla, pambıq xammalı ilə təminatı artırmaq üçün yeni pilot təsərrüfatlar yaradılacaq. Bundan başqa, pambıqçılıqla məşğul olan fermerlərə dəstək verilməsi və şirkətin özünün əkin sahələrinin genişləndirilməsi nəzərdə tutulur».

Hökumətdən 120 min hektro torpaq istəyir

Qeyd edək ki, hazırda MKT İstehsalat Kommersiya şirkətinin pambıq əkini sahələri 31 min hektardır. Şirkət bu sahələrin genişləndirilməsi üçün müvafiq dövlət qurumlarına və icra hakimiyyətlərinə çoxsaylı müraciətlər edib. Baş direktorun sözlərinə görə, şirkətin potensialı ona 120-130 min hektar ərazilərdə pambıq becərməyə imkan verir. Amma hələlik bu torpaqlar alınmayıb və 2016-cı ilin sonunadək şirkət yalnız əlindəki ərazilərdə iş aparacaq. Bu sahələrdən orta hesabla hər hektardan 25-30 sentner pambıq toplanır. Bu hesabla 2016-cı ildə şirkətin pambıq istehsalı 78-93 min ton arasında ola bilər. Amma tələb olunan sahələr ayrılarsa, şirkət pambıq istehsalını kəskin artıra bilər.

Əsas alıcımız «Gilan»ın fabriki olacaq

Şirkət rəhbəri bildirir ki, toplanan pambıqdan əldə edilən ilkin emal məhsulu – iplik əvvəlgə daxili bazarın tələbatının ödənilməsinə sərf ediləcək: «Daxili bazarı təm edib, yalnız bundan sonra ixrac barədə düşünəcəyik». Şirkətin məhsullarının əsas potensial alıcısı «Gilan» Holdinq-in Sumqayıtda işə saldığı toxuculuq fabrikidir: «Çox güman ki, məhsulun böyük hissəsini bu müəssisəyə verəcəyik. Gələcəkdə Mingəçevir Sənaye parkındakı müəssisələr işə düşdükdən sonra həmin müəssisələrə də xammal verə bilərik».  

14 zavodu tam özəlləşdirib

İstiqraz buraxılışından əldə edilən vəsaitlərin bir hissəsi də şirkətin sahibi olduğu pambıq emalı zavodlarının modernizasiyasına – burada emal gücünün və keyfiyyətinin artırılmasına sərf ediləcək. Qeyd edək ki, hazırda 14 pambıq təmizləmə zavodunun sahibidir. Son vaxtlara qədər şirkət bu zavodlardan bəzilərinin yalnız nəzarət səhm zərfinə malik idi. Səhmlərin bir hissəsi dövlət mülkiyyətində qalmışdı. Amma Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən sentyabrın 14-də keçirilən hərracda şirkət pambıq zavodlarının dövlətdəki səhmlərini də alaraq müəssisələrin vahid sahibinə çevrilib. Belə ki, sentyabrın 14-də ƏMDK-nin keçirdiyi özəlləşdirmə hərracında səhmi satılan müəssisələrdən 4-ü respublikanın müxtəlif bölgələrindəki pambıq zavodları – «Muğan-pambıq» ASC, «Sabirabad-Pambıq» ASC, «Bərdə-Pambıq», «Tərtər-Pambıq» ASC olub. Hərraca bu müəssisələrin səhmlərinin 30%-lik səhm zərfi çıxarılıb.  Həmin səhmləri ölkənin ən böyük pambıq istehsalçısı olan «MKT» İstehsalat kommersiya şirkəti alıb. Hərracdan sonra fins.az-a açıqlama verən şirkət nümaynədələri bu müəssisələrin modernləşdiriləcəyini bildirmişdilər. 

Bəzi zavodlar ləğv edilə bilər

Bununla yanaşı, modernləşdirmə heç də bütün müəssisələri əhatə etməyə bilər. E.Quliyevin sözlərinə görə, pambıq emalı zavodlarının yenidən qurulması prosesində onların iqtisadi səmərəliliyi də nəzərə alınacaq və müvafiq qərar qəbul ediləcək: «Ola bilər ki, ən səmərəli müəssisələr yenidən qurulsun, digərləri isə ləğ edilə bilər». Şirkət rəsmisi bu yanaşmanı istehsalın optimallaşdırılması amili ilə izah edib və bildirib ki, belə seçim edərkən zavodun pambıq zavodlarına yaxınlığı da nəzərə alınacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272