SOSİUM

21 May

Agentlik rəsmisindən əlillik müddəti bitənlərə MÜRACİƏT

“Son dövrdə əlilliyin kəsilməsi ilə bağlı müraciətlərlə tez-tez rastlaşırıq. 2015-ci il 30 dekabr tarixində Nazirlər Kabinetinin qəbul etdiyi 413 nömrəli qərara əsasən, bütün qüvvədə olan müddətli əlillik işləri hər hansı bir müayinə keçmədən avtomatik şəkildə beş il müddətinə uzadılıb. Bu beş ilin bitməsi cari ilə təsadüf edir”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova deyib.

M.Məmmədova bildirib ki, hazırda sırf bununla bağlı daxil olan müraciətlərin sayı çoxdur:

“Qeyd edim ki, sözügedən qərar 190 min nəfəri əhatə edib. Onların içərisində həqiqi əlilliyi olan şəxslərlə bərabər, həmin dövrdə reabilitasiya olunmuş və ya sağalmış, ya da saxta əlilliyi olan insanlarında əlillik müddəti 5 il müddətinə uzadılmış olub. Beş ilin bitməsi 2021-ci ilə təsadüf etdiyindən vətəndaşların əksəriyyəti heç bir müayinə olunmadan əlillik müddətinin 5 il uzadılmasını bir növ müddətsiz zənn etdi və ya anlaşılmazlıq yaşadı. Onlara verilən arayışlarla yaxından tanış olmadıqları səbəbindən elə zənn ediblər ki, onların əlillik dərəcəsi ləğv edilib.

Xeyr, bu, belə deyil. Biz müraciətləri araşdıran zaman məlum olub ki, onların böyük əksəriyyətinin əlilliyi ləğv edilməyib, sadəcə müddəti bitib. Ona görə də tövsiyə edirəm ki, vətəndaşlar müddətli əlillik təyin edildikdən sonra bitmə tarixi ilə tanış olsunlar”.