SOSİUM

13 Mart

Bakıdan keçən qatar Çindən Çexiyaya - 18 GÜNƏ ÇATIB

 “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” (Bakı Limanı) QSC-nin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) ilə birgə reallaşdırdığı “Xəzər dənizi regionunda yaşıl limanların və bağlılığın təşviqi” layihəsinin həyata keçirilməsi məqsədilə yaradılan İşçi Qrupunun növbəti iclası keçirilib.

Fins.az məlumat verir ki, Azərbaycanın nəqliyyat sahəsində çalışan dövlət və özəl qurumlarını özündə birləşdirən İşçi Qrupunun üzvləri Avstriya Federal Dəmir Yolları (ÖBB) SC-nin yük daşımaları üzrə törəmə şirkəti olan “Rail Cargo Group”un Müşahidə Şurasının üzvü Tomas Karqla dünya nəqliyyat dəhlizlərində şirkətin fəaliyyəti, yük axınlarının artırılması və bu müstəvidə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparıblar.

İşçi Qrupunun diqqətinə çatdırılıb ki, Şərq-Qərb istiqamətində ildə 1.5 milyon konteynerin daşınmasına ehtiyac var, Avropa və Çin arasında daşınan konteynerlərin sayı isə 600 mindir. Bu il Çin hökuməti Sian şəhərindən 150 qatarın Orta Dəhlizlə Bakı Limanından keçərək Türkiyə üzərindən Avropaya nəql olunmasını planlaşdırır.

“Rail Cargo Group”un Müşahidə Şurasının üzvü Tomas Karql qeyd edib ki, Orta Dəhlizlə yaxın illərdə Avropadan Asiyaya və əks istiqamətdə daşınan yüklərin sayı artacaq ki, bu da dəhlizin daha rəqabətə dözümlü olmasını zəruri edir. Avstriya dəmir yollarının rəsmisi yaxın aylarda Bakı Limanında malların müvəqqəti saxlanc və gömrük anbarının fəaliyyətə başlamasını Xəzər dənizi hövzəsində işləyən iri transmilli şirkətlərin maraqlarına xidmət edəcəyini də qeyd edib.   

İclasda həmçinin qərara alınıb ki, İşçi Qrupunun növbəti toplantısında Avropa, Türkiyə və Qazaxıstanın aparıcı logistika və nəqliyyat şirkətləri də iştirak etsin. Gözlənilir ki, qeyd olunan şirkətlərin iştirakı Azərbaycanın Avropa ilə Asiya arasında vacib logistika və paylayıcı mərkəzə çevrilməsinə, ökəmiz üzərindən keçən marşrutun rəqabətə dözümlülüyünün artırılmasına töhfə verəcəkdir.  

Tədbirin sonunda Bakı Limanı ilə “Rail Cargo Group” arasında Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumunu Bakı Limanının Baş direktoru Taleh Ziyadov və “Rail Cargo Group”un Müşahidə Şurasının üzvü Tomas Karql imzalayıblar.

© FED