SOSİUM

13 Mart

Avstriya şirkəti Azərbaycanın dəmir yollarından istifadə etmək istəyir

“Azərbaycan Dəmir Yolları” QSC-də Avstriyanın “Rail Cargo Group” şirkətinin İdarə Heyətinin üzvü Tomas Karql ilə görüş keçirilib.

Bu barədə Fins.az-a səhmdar cəmiyyətindən bildirilib.

Məlumata görə, qurumun sədri Cavid Qurbanov daşımaların təhlükəsizliyinin artırılması, respublikamızdan keçən nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətliliyinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb. O bildirib ki, Azərbaycan beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşmasında aktiv iştirak edir. Bakı-Tbilisi-Qars, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizlərinin fəaliyyətinin genişləndirilməsi iştirakçı dövlətlərlə yanaşı, bu layihələrin imkanlarından istifadə etmək istəyən digər ölkələrin inkişafında da əhəmiyyətli rol oynayacaq.

Daha sonra “Rail Cargo Group”un Şərq-Qərb istiqaməti üzrə yükdaşımaları üçün Azərbaycan üzərindən Asiya bazarlarına və geriyə çıxışın əldə edilməsinə dair əməkdaşlıq məsələləri müzakirə olunub. T.Karql bildirib ki, son illər Azərbaycan ilə Avstriya arasında hər sahədə, o cümlədən iqtisadi sahədə əlaqələr genişlənir. Avstriya tərəfi bu əlaqələrin intensivləşdirilməsində, infrastuktur layihələrinin icrasında iştirak etməyə maraqlıdır.

Görüşdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov və Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov iştirak ediblər.