SƏNAYE

25 Mart

Bu ilin yanvar-fevral ayları üzrə qaz hasilatı artıb

2024-cü ilin yanvar-fevral ayları üzrə operativ məlumatlara əsasən, iki ay ərzində respublikada 8,2 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 2,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 4,5 milyard kubmetri “Şahdəniz”, 0,3 milyard kubmetri “Abşeron”, 1,3 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 240 milyon kubmetr artımla qaz hasil edilib.

Fins.az xəbər verir ki, bu dövrdə xaricə qaz satışı 4,1 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə eynidir. Avropaya 2,1 milyard, Türkiyəyə 1,4 milyard, Gürcüstana isə 0,6 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 0,8 milyard kubmetr qaz nəql olunub.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 mart 2024-cü il tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 218,5 milyard kubmetr, “Şahdəniz”dən isə 213,6 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 151,5 milyard kubmetri nəql edilib.

2024-cü ilin yanvar-fevral ayları üzrə ölkədə 4,8 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft hasilatının 2,7 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,7 milyon tonu (kondensat) “Şahdəniz”in, 96 min tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,3 milyon ton təşkil edib.

İki ay ərzində 3,9 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub. Bunun 3,4 milyon tonu konsorsiumun, 0,5 milyon tonu isə SOCAR-ın payına düşüb.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 mart 2024-cü il tarixinədək 632,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 587,5 milyon ton neft, “Şahdəniz”dən isə 45,2 milyon tona yaxın kondensat çıxarılıb. Bundan 630,7 milyon tonu ixrac olunub.

2024-cü ilin yanvar-fevral aylarında ölkədə neftin emalı 1,1 milyon təşkil edib.