SƏNAYE

07 Sentyabr

Azərbaycan II rübdə Asiya ölkələrinə neft nəqlini artırıb, bir sıra Avropa ölkələrinə neft ixracına başlayıb

Neft sektoru COVİD-19 pandemiyası və neftin qiymətinin bir il əvvələ nisbətən daha aşağı olduğu şəraitdə, əvvəlki kimi, Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin və ticarət balansının müsbət saldosunun formalaşmasında aparıcı rol oynayır.

2020-ci ilin birinci yarısının yekunları üzrə ixracın strukturunda əsas həcm neft-qaz sektorunun məhsullarının payına düşüb (88,14%). Həmçinin, Azərbaycanın bütün ixracının 69,47%-i neft ixracının payına düşüb.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2020-ci ilin birinci yarısında Azərbaycandan $5 mlrd. 339 mln. 488,25 min məbləğində bəyan edilmiş neft ixracı 15 mln. 343 min 452,45 ton təşkil edib. 2019-cu ilin analoji dövrü ilə müqayisədə bəyan edilmiş ixracın həcmi 3,1% azalıb. Dəyər ifadəsində azalma 30,4% təşkil edib. Bu rəqəmlərdən göründüyü kimi, birinci yarımillikdə koronavirus pandemiyası və neftin qiymətinin ucuzlaşması Azərbaycanın neft ixracından gəlirlərinə güclü təsir göstərib.