DÜNYA

28 İyun

Böyük Britaniya parlamenti mübahisəli Şimali İrlandiya Protokolunu dəstəkləyib

Britaniya parlamenti Aİ-nin qarşı çıxdığı Şimali İrlandiya Protokolu qanun layihəsini dəstəkləyib. Qanun layihəsi Böyük Britaniyanı təşkil edən İngiltərə, Uels və Şotlandiyadan Şimali İrlandiya üçün nəzərdə tutulan malların gömrük rəsmiləşdirilməsi tələbini böyük ölçüdə ləğv edir. Müvafiq olaraq, Şimali İrlandiyada qalacaq mallar gömrük nəzarətinə ehtiyac olmadan “yaşıl zolaq” vasitəsilə daşına biləcək.
"Fins.az" xəbər verir ki, Böyük Britaniyanın Avropa İttifaqı (Aİ) ilə imzaladığı Brexit sazişinin bir hissəsi olan Şimali İrlandiya Protokoluna birtərəfli qaydada düzəliş edilməsini nəzərdə tutan qanun layihəsi İcmalar Palatasında ilk səsvermədən keçib.

Deputatlar 221 əleyhinə 295 səslə Şimali İrlandiya Protokolu qanun layihəsini qəbul etdilər. Bu da qanun layihəsinin müvafiq komitədə ətraflı araşdırılmasına zəmin yaradıb. Komitə mərhələsində mümkün düzəlişlərdən sonra yenidən səsə qoyulacaq qanun daha sonra Lordlar Palatasına gedəcək.

Baş nazir Boris Johnson, hökumətə Brexit sonrası Şimali İrlandiya sazişinin bəzi hissələrini ləğv etmək səlahiyyətini verən qanun layihəsinin ilin sonuna kimi qanuna çevrilə biləcəyini söylədi.

Xarici işlər naziri Liz Truss da Britaniyanın danışıqlar yolu ilə həll yolu axtarmağa qərarlı olduğunu və qanun layihəsinin “güclü hüquqi əsasa” malik olduğunu müdafiə edib. 

Qanunvericilərin qanun layihəsini dəstəkləməsindən məmnunluğunu ifadə edən Truss, Aİ-nin protokola edilən düzəlişləri qəbul etməli olduğunu bildirib.