Cari il Biləsuvar rayonunda nəqliyyat, rabitə və informasiya, həmçinin pərakəndə ticarət dövriyyəsində ötən illə müqayisədə artım müşahidə olunub.
Fins.az xəbər verir ki, 2024-cü ilin yanvar-iyun aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 323,0 min ton yük daşınıb ki, bu da 2023-cü ilin analoji dövrünə nisbətən 5,5% artım deməkdir. Həmçinin, cari ildə nəqliyyatçılar 4 085,0 min nəfərə xidmət göstərərək, ötən illə müqayisədə sərnişin sayında 7,1% artım əldə ediblər.
Yanvar-iyun aylarında informasiya və rabitə müəssisələri 697,4 min manatlıq xidmət göstərib. 2023-cü ilin eyni dövrü ilə müqayisədə rabitə xidmətlərinin dəyəri müqayisəli qiymətlərlə 37,9% artıb.
Bundan başqa, 2024-cü ildə pərakəndə ticarət dövriyyəsinin həcmi 186 749,6 min manat olub ki, bu da 2023-cü ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 100,3% təşkil edib. 2024-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsinin 12 275,4 min manatını və ya 6,6%-ni hüquqi şəxslərin, 174 474,2 min manatını və ya 93,4%-ni isə fərdi sahibkarların pərakəndə ticarət dövriyyəsi təşkil edib.
Fuad Mədətov
Fins.az