SOSİUM

29 Noyabr

Piyadalar üçün müasir liftli keçidlər quraşdırılır

Dövlət başçısının vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi tapşırıqlara əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir. 

Fins.az xəbər verir ki, bu tədbirlər çərçivəsində Bakı şəhərində və magistral avtomobil yollarının paytaxta yaxın ərazidən keçən hissələrində yaşayan vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə bir neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılır. 

Agentlik tərəfindən piyadaların avtomobil yolunu keçməsində problem yaşanan daha bir ərazidə, Hava Limanı-Mərdəkan-Zuğulba avtomobil yolunun 3-cü km-də yeni piyada keçidinin inşası yekunlaşmaq üzrədir. 

Layihə üzrə keçidin ümumi uzunluğu 51 metr, daxili eni 3.50, pilləkənlərin eni 3 metrdir.

Yol səviyyəsindən hündürlüyü 5.8 metr olan keçid orta dayaqdan ibarət, metal konstruksiyalıdır. 

İki giriş-çıxışdan ibarət olan keçiddə müasir lift sistemləri quraşdırılır, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağı qurulur. Layihə çərçivəsində yaxın günlərdə keçiddə təhlükəsizlik kameralarının quraşdırılması da nəzərdə tutulub.

Yeni yerüstü piyada keçidinin ətrafında artıq abadlaşdırılma işləri görülüb. 

Müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək. 

Tədbirlər planına uyğun olaraq zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası nəzərdə tutulur. 

YOLUNUZ AÇIQ OLSUN...

Zemfira Ms
Fins.az