QARABAĞ

29 Noyabr

Qarabağın bərpası üçün nəzərdə tutulan 28,9 milyard manat sərmayə iqtisadi artımı gücləndirəcək - Fitch Solutions

Azərbaycan hökuməti 2022-2026-cı illər ərzində Qarabağın bərpasına 28,9 milyard manat (təxminən 17 milyard ABŞ dolları) həcmində sərmayə yatırmağı planlaşdırır.

Fins.az xəbər verir ki, bu barədə "Fitch Solutions" şirkətinin Azərbaycan üzrə hazırladığı hesabatda məlumat verilib.

Hesabatda qeyd olunur ki, investisiyaların əsas hissəsi infrastrukturun, xüsusilə də bərpa olunan enerji infrastrukturunun inkişafına yönəldiləcək. Bu isə Azərbaycanın Türkiyə və Gürcüstana elektrik enerjisi ixracını artırmasına imkan verəcək.

Hesabata əsasən, Qarabağa sərmayələr 2025-ci ildə də yüksək səviyyədə qalacaq və bu, ölkənin ümumi iqtisadi artımına əhəmiyyətli töhfə verəcək. Belə ki, 2024-cü ildə bu investisiyalar iqtisadi artımı 1,7 faiz bəndi, 2025-ci ildə isə 1,5 faiz bəndi artıracaq.

Bu strategiya Azərbaycan hökumətinin dekarbonizasiya və iqtisadi diversifikasiya planlarının mühüm hissəsi kimi qiymətləndirilir. Qeyri-neft sektorunun, xüsusilə də yaşıl elektrik enerjisinin ixracının artırılması da bu strategiyanın ayrılmaz tərkib hissəsidir.