Bu ilin birinci yarısında Azərbaycanın qoruqlarını 305 min 376 nəfər ziyarət edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 201 min 138 nəfər, yəni 52% artım deməkdir. Qoruqları ziyarət edənlərin 218 min 967 nəfəri xarici turistlərdir ki, bu da ötən ilin göstəriciləri ilə müqayisədə 78% çoxdur.
Dövlət Turizm Agentliyindən Fins.az-a verilən məlumata görə, ölkənin zəngin mədəni turizm potensialı turistlər arasında böyük maraq doğurur. Azərbaycana gələn turistlər, ölkədəki müxtəlif turizm məhsullarından – sağlamlıq, dağ, mətbəx və mədəni turizm kimi səyahət növlərindən istifadə etmək istəyirlər. Tarixi abidələri və qoruqları ziyarət edən turistlər ölkənin tarixi ilə yaxından tanış olur, mədəniyyətimiz barədə məlumat əldə edirlər.
Agentlik qeyd edir ki, turistlər tarixi abidələrə daha çox maraq göstərir. Bakı, Şəki, Qəbələ və işğaldan azad edilmiş rayonlardakı abidələr mədəni turizm marşrutları kimi təqdim edilərək, ölkənin tarixini və mədəniyyətini tanıtmaq məqsədini güdür. Abidələrdən turizm məqsədilə daha effektiv istifadə edilməsi isə turist axınını daha da artıra bilər.
Fuad Mədətov
Fins.az