Cari ilin 1 iyul tarixinə Azərbaycan Respublikasının dövlət borcu, daxili və xarici borc daxil olmaqla, 25 milyard 686,1 milyon manat olub. Bu məbləğ 2024-cü il üzrə proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 21,2 faizini təşkil edir.
Fins.az Maliyyə Nazirliyinin “2024-cü ilin I yarımili üzrə Dövlət Borcuna dair Statistik Bülleten”inə istinadən verilən məlumata görə, xəbər verir ki, ümumi dövlət borcunun 9 milyard 114,2 milyon manatı (5 milyard 361,3 milyon dollar) və ya 35,5 faizi xarici dövlət borcunun, 16 milyard 571,9 milyon manatı və ya 64,5 faizi daxili dövlət borcunun payına düşür.
Xarici dövlət borcu ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 1 milyard 99,9 milyon dollar və ya 17 faiz azalıb. Bu azalma, 2024-cü ilin ilk altı ayında vaxtı çatmış əsas borc ödənişlərinin həyata keçirilməsi, o cümlədən beynəlxalq maliyyə bazarlarında 2014-cü ildən yerləşdirilmiş istiqrazlar (avrobond) üzrə 900 milyon dollar məbləğində ödənişlərin yerinə yetirilməsi ilə bağlıdır. Nəticədə, xarici dövlət borcunun ÜDM-ə nisbəti ilin əvvəli ilə müqayisədə 1,4 faiz bəndi azalıb.