Bəzi regionlarda müsahibə mərhələsindən keçən bütün müəllimlərə ilk əməkhaqqının iki qat formada veriləcəyi ilə bağlı müzakirələr var.
Nəticə olaraq bunun hansı müəllimlərə aid ediləcəyi və s. ilə bağlı müəllimləri düşündürən suallar yaranır.
Təhsil Nazirliyi mövzu ilə bağlı sorğunu cavablandırıb:
“Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş, dövlət sifarişinə əsasən kənd rayonlarında əmək fəaliyyətinə başlamaq üçün konkret iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədi ilə əməkhaqqının iki misli həcmində birdəfəlik yardım ödənilir”.
Nazirlik, qərara uyğun olaraq hansı müəllimlərə konpensasiya veriləcəyi məsələsinə aydınlıq gətirib:
“Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin 14 aprel 2010 – cu il tarixli 67 nömrəli qərarına əsasən, pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş yaşı 35- dək olan gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması və həmin müəssisələrdə pedaqoji kadr tələbatının ödənilməsi məqsədi ilə dövlət sifarişinə əsasən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 il müddətində həmin və ya digər kənd rayonlarının təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün 90 manat məbləğində kompensasiya verilir”.
Eyni zamanda, nazirlik əlavə ödənişin hansı şərtlər əsasında müəllimlərə təyin edildiyini xatırladıb:
“Sözügedən qərara əsasən, rayon mərkəzlərindən 20 km - dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və yaşı 35- dək olan gənc mütəxəssislərə 3 il müddətində aylıq əməkhaqqına ayda 100 manat məbləğində əlavə ödənilir”.
Qeyd edək ki, onlayn müsahibələrdə iştirak edən 2912 namizəddən 2715 - i müddətsiz müqavilə əsasında müəllim olaraq çalışmaq imkanı qazanıb.