Təhsil müəssisələrində müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olanlar və pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun müəyyən etdiyi qaydada pedaqoji fəaliyyətlə məşğul ola bilərlər.
Bəs kimlər pedoqoji fəaliyyətlə məşğul ola bilməz?
Fins.az bununla bağlı “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunundan Maddə 36-1- i təqdim edir:
- məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilənlər;
- ağır, xüsusilə ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslər;
- fəaliyyət qabiliyyətsizliyinə və ya məhdud fəaliyyət qabiliyyətli olmasına, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıda göstərilən xəstəliklərə görə pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa qoyulmuş şəxslər;
- Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi etik davranış qaydalarını pozduğuna görə əmək müqaviləsinə xitam verilmiş pedaqoji işçi 1 (bir) il müddətində pedaqoji fəaliyyətlə məşğul ola bilməz.
Pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər də pedoqoji fəaliyyətlə məşğul ola bilərlər. Bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası” nın təsdiq edilməsi haqqında qərarında öz əksini tapıb.
Pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər baza təhsilindən asılı olaraq pedaqogika, psixologiya və təlim strategiyaları ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil edilən müvafiq ödənişsiz təlim kurslarına cəlb olunurlar. Təlim kurslarının keçirilməsi vaxtı, yeri, davametmə müddəti və digər şərtləri nazirlik tərəfindən müəyyənləşdirilir və bu barədə qurumun rəsmi internet səhifəsində məlumat yerləşdirilir.
Qeyd edək ki, təlim kurslarını başa vuran şəxslərə nazirlik tərəfindən sertifikat verilir.