İyunun sonlarında Azərbaycanın bütün universitetlərində Məzun günü tədbirləri təşkil olunub.
Ölkəmizdə Məzun günü standart qaydalar əsasında keçirilsə də, dünyanın müxtəlif ölkələrində bu tədbirlər qeyri-adi ənənələrlə yadda qalır.
Dünya universitetlərindən məzun olan tələbələr üçün təşkil olunan qeyri-adi məzun günü tədbirləri barədə məlumatları diqqətə çatdırır.
İsveçdə universitet məzunları ənənəvi məzun papağı - kalpanın yerinə,“studentmössa” adlandırılan qara və yuvarlaq papaqlar taxırlar. Papağın rəngi tələbənin hansı ixtisas üzrə təhsil aldığını göstərir.
Məzun günü tədbiri başa çatdıqdan sonra tələbələr və onların ailələri şəhərlərdə təşkil olunan çoxsaylı paradlara qatılır və mahnılar oxuyurlar.
Filippində hər məzun səhnəyə yaxınlaşıb üzünü izləyicilər istiqamətinə çevirməlidir. Diplomunu aldıqdan sonra hər məzunun boynuna çələng taxılır.
İspaniyada məzun geyimləri tamamilə fərqlidir. Bir çoxları bu libasları Roma Papasının geyiminə bənzədirlər. Məzunlar mavi rəngdə yuvarlaq formada böyük papaqlar taxırlar.
Yapon məzunlar yürüşə qatılır və diplomlarını almaq üçün sıraya düzülüb, mahnı oxuyurlar.
Hətta Yaponiyada “Kanazava” kollecinin Məzun günü “ifritələr bayramı”na bənzədilir. Tələbələr Yaponiyanın milli geyimi - kimonolardan tutmuş karton qutulara qədər hər şey geyinirlər.
Argentinada tələbələr Məzun günü bitdikdən sonra yemək yeyirlər. Məzunların ailələri və dostları ketçap kimi yapışqan sousları onların üzərinə atırlar.
Bu ənənə İtaliyada da mövcuddur.
Tailandda diplomlar tələbələrə kral ailəsinin üzvləri tərəfindən təqdim olunur. Məzunlardan başqa heç kimin salona daxil olmasına icazə verilmir. Qadınların saçlarını xüsusi formalara salmağı qadağandır. Onlar düz qara ayaqqabı və corab geyinməlidirlər.
Oğlanlara həmin gün saqqal saxlamağa və saçlarının uzun olmasına imkan verilmir.
Çində qızlar Məzun günü geyinmək üçün gəlinlik sifariş verirlər. Ənənəvi tədbirlər çox vaxt reallaşmır və tələbələr xoş günlərini valideyn və qohumları ilə birgə qeyd edirlər.
Rus xanım məzunlar Amerikada olduğu kimi bəyaz önlüklü qara paltarlar geyinirlər.
İngilislər də önlüklü xüsusi paltar geyinsələr də, papaq taxmırlar.
Oksford və Kembric Universitetlərinin məzunları isə örtüklü paltarla yanaşı, papaq da taxırlar. Tədbir latın dilində həyata keçirilir. Geyimin rəngi tələbəyə verilən dərəcəyə görə müəyyənləşdirilir.
Amerikada tələbələrə diplom cəmiyyətin sayılıb-seçilən fərdləri tərəfindən təqdim olunur.
Hərbi akademiyalardan məzun olanların tədbirləri futbol stadionlarında təşkil olunur.