Dünyanın ən beynəlmiləl universitetlərinin reytinqi açıqlanıb
Böyük Britaniyanın “Times Higher Education” dərgisinin son tədqiqatı dünyanın ən beynəlmiləl universitetlərinə həsr olunub. Tədqiqata əsasən dünyanın ən beynəlmiləl mühitində təhsil almaq istəyən perspektivli tələbələr İsveçrə, Honkonq, Sinqapur və ya Böyük Britaniya universitetlərinə sənəd təqdim etməlidirlər. Universitetlər öz təbiətinə görə qlobal təşkilatlardır. Bir qayda olaraq, onlarda dünyanın hər yerindən tələbə və alimlər cəmiyyəti yaşayır və onlar dünyanın bir sıra ən aktual problemlərini tədqiqatlar vasitəsilə həll edirlər. Beynəlxalq tələbələrin, əməkdaşların ballarından, beynəlxalq müəlliflik və “Times Higher Education World University Rankings 2021” üçün toplanan beynəlxalq nüfuz göstəricilərindən istifadə edilərək tərtib edilmiş son sıralama göstərir ki, yuxarıda adları çəkilən dörd ölkədə dünyanın ən beynəlmiləl universitetləri yerləşir. Bütün bu müəssisələrdə xarici tələbə və işçilərin payı yüksəkdir, onlar dünyanın hər yerindən gələn alimlərlə tədqiqatlarda əməkdaşlıq edir və bütün dünyada yaxşı nüfuza malikdirlər. Tədqiqatlar göstərir ki, tələbələrin müxtəlif icmaları tədris prosesini yaxşılaşdırır, tələbələr üçün xaricdə vaxt keçirmək imkanları isə onları dünya vətəndaşı olmağa daha yaxşı hazırlayır.
Reytinqə əsasən dünyanın ən beynəlmiləl beş universiteti bunlardır:
1. Honkonq Universiteti
Universitet öz qarşısına “Qlobal Asiya Universiteti” olmaq vəzifəsini qoyub ki, bu da 2022-ci ilə qədər bütün tələbələrinə Honkonq xaricində təhsil almaq üçün fürsət vermək məqsədi daşıyır. Ümumiyyətlə, Honkonq Universitetində 30 mindən çox tələbə təhsil alır ki, onların da 35 faizdən çoxu əcnəbidir. Müəssisədə tədris ingilis dilində aparılır, təhsil isə tələbələri dünyanın istənilən yerində uğur qazana biləcək dünya vətəndaşı olmağa hazırlamaq üçün beynəlxalq istiqamətə malikdir.
2. ETH Zürix
Təəccüblü deyil ki, İsveçrədə dünyanın ən beynəlxalq universitetlərindən biri yerləşir. ETH Sürix İsveçrənin ən böyük şəhəri olan Sürixdə yerləşir. Əsas danışıq dili İsveçrə alman dilidir, lakin universitet ingilis dili kurslar da təklif edir. Bu təhsil müəssisəsində 120-dən çox ölkədən 22000-dən çox tələbə təhsil alır və o, Avropa qitəsinin ən yaxşı universitetidir. Universitet STEAM sahəsində tədris və tədqiqatlar üzrə ixtisaslaşıb, ali məktəbin məzun və müəllimlərindən 21 nəfər Nobel mükafatı alıb. Onların arasında ən məşhurlarından biri Albert Eynşteyndir.
3. Honkonq Çin Universiteti
Honkonq Çin Universitetində 50-dən çox ölkədən tələbə təhsil alır. Universitetin 36-dan çox ölkə və regiondakı 280-dən artıq müəssisə ilə mübadilə üzrə tərəfdaşlığı var. Təxminən 6000 tələbə xaricdə oxuyur və ya xaricdə təhsil proqramında, təcrübədə iştirak edir.
4. Oksford Universiteti
Oksford Universiteti təkcə dünyanın ən yaxşı universiteti deyil, həm də ən beynəlmiləl universitetlərdən biridir. Universitetin tələbələrinin üçdə birindən çoxu 160 ölkə və ərazidən olan xarici tələbələrdir. Əslində, xarici tələbələr yüzilliklər boyu Oksford Universitetində təhsil alıblar. İlk xarici tələbə ali məktəbə 1190-cı ildə gəlib. Universitetin işçilərinin demək olar ki, yarısı əcnəbidir və ali məktəbin dünyanın bir çox digər müəssisələri ilə əlaqələri var.
5. London İmperial Kolleci
Kollec elm, texnika, tibb və biznes sahələrində ixtisaslaşmışdır. Tələbələrin 60 faizdən çoxu əcnəbidir, bakalavr tələbələri isə 125-dən çox ölkəni təmsil edir.
Reytinqlə daha ətraflı www.timeshighereducation.com/student/best-universities/most-international-universities-world səhifəsindən tanış olmaq olar.