BAZAR

18 Yanvar

“Ali təhsil haqqında” qanun layihəsi hazırlanacaq

Yanvarın 18-də Milli Məclisin Elm və təhsil komitəsinin 2021-ci ilin yaz sessiyasında onlayn formada ilk iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, iclasda komitə sədri Bəxtiyar Əliyev 2020-ci ilin payız sessiyası ərzində görülən işlərin hesabatını  təqdim edib. 

Qeyd olunub ki, hesabat dövründə komitənin 13 iclası keçirilib və 26 məsələ müzakirə  edilib.

Bəxtiyar Əliyev hesabat dövründə vətəndaşlardan komitəyə 328 ərizə, məktub və müraciətin daxil olduğunu bildirib. Vətəndaşların qeyd etdiyi problemlərlə bağlı müraciətlər komitə sədri tərəfindən aidiyyəti qurumlara ünvanlanıb.

Bəxtiyar Əliyev ötən ilin avqustunda  təhsil naziri Emin Əmrullayevin iştirakı ilə komitə üzvlərinin videoformatda görüşünün keçirildiyini, COVID-19 pandemiyası şəraitində təhsil müəssisələrinin fəaliyyətinin bərpasına və yeni dərs ilinə hazırlıqla bağlı məsələlərin geniş müzakirə edildiyini vurğulayıb.

Hesabat məqbul hesab edilib.

Sonra onlayn iclasda  komitənin  2021-ci il yaz  sessiyasının qanunverilik işləri planı  müzakirə  edilib. Bəxtiyar Əliyev  yaz sessiyasında baxılması nəzərdə tutulan məsələlər barədə ətraflı məlumat  verib.  Qeyd  edilib ki, qarşıdakı sessiyada komitədə  “Ali təhsil haqqında”  qanun layihəsi  hazırlanacaq, digər  vacib  qanunlar  üzərində iş  davam  etdiriləcək. Komitənin iş planı yekdilliklə təsdiqlənib.

Onlayn iclasda komitə  üzvləri  İsa Həbibbəyli, Musa Qasımlı, Eldar Quliyev, Aqiyə Naxçıvanlı, Kamilə Əliyeva,  Rəfael Hüseynov, Anar İsgəndərov, Tamam Cəfərova, Afət Həsənova, Ceyhun Məmmədov, Fatma Yıldırım, Müşfiq Məmmədli, Pərvin Kərimzadə, Etibar Əliyev,  Ülviyyə Ağayeva və Şahin Seyidzadə iştirak  ediblər.