Bakı, 15 yanvar Fins.az
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti 2021/2022-ci tədris ili üzrə Xüsusi Məktəbin V sinfinə, 2020/2021-ci tədris ili üzrə VI, VII, VIII və IX siniflərə şagirdlərin qəbulunu elan edib.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, tədris dili Azərbaycan dilidir.
Xüsusi Məktəbin V sinfinə qəbul imtahanında 2021-ci il dekabrın 31-dək 10 yaşı tamam olan və 12 yaşı tamam olmayan, qəbul aparılan ildə ümumi təhsil pilləsinin IV sinfində təhsil alan, VI, VII, VIII və IX siniflərə keçiriləcək qəbul imtahanlarında qəbul aparılan ildə ümumi təhsil pilləsinin həmin (müvafiq) sinfində təhsil alan, fiziki cəhətdən sağlam olan, Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.
İmtahanlarda iştirak etmək istəyən namizədlər 2021-ci ilin 15 yanvar – 28 fevral tarixlərində Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi internet saytında (www.dim.gov.az) “Şəxsi kabinet” yaratmalı və pul hesabına 30 AZN əlavə etməlidirlər. Sonra dim.gov.az saytının baş səhifəsində yerləşdirilmiş keçid vasitəsilə elektron ərizəni dolduraraq qeydiyyatdan keçməlidirlər.
DİM-in saytında "Şəxsi kabinet" yaratmaq üçün şagirdlər əvvəlcə təhsil aldıqları orta məktəbə müraciət edərək fərdi məlumatlarının «Şagird-məzun» dövlət elektron məlumat sisteminə daxil edilməsini təmin etməlidirlər. Daxil edilmiş məlumatlarda “imtahana buraxılır” və ya “hazırda təhsil alır” bəndi seçilməlidir. Əks halda həmin şagirdlər imtahanda iştirak etmək üçün elektron qeydiyyatdan keçə bilməyəcəklər.
Məktəbə xarici ölkə vətəndaşlarının qəbulu dövlətlər arasında bağlanmış müqavilələrə uyğun olaraq həyata keçirilə bilər.
Qəbul imtahanları DİM tərəfindən test üsulu ilə keçiriləcəkdir. İmtahanlar 2021-ci ilin mart ayında Bakı şəhərində keçiriləcək. İmtahanların keçirilmə tarixi və yeri haqqında məlumat qeydiyyat başa çatdıqdan sonra DİM-in saytında elan olunacaqdır. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni imtahan gününə 5 gün qalmış DİM-in saytından əldə edə bilərlər.
Test imtahanı aşağıdakı fənlər üzrə Azərbaycan dilində aparılır:
• Azərbaycan dili;
• Riyaziyyat.
Hər fənn üzrə 30 qapalı tipli sual təqdim ediləcək.
İmtahanın müddəti 90 dəqiqədir.
Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır. İmtahanların nəticəsi Dövlət Sərhəd Xidmətinə təqdim ediləcək. Yüksək nəticə göstərmiş namizədlər DSX tərəfindən tibbi və digər yoxlamalara cəlb olunacaqlar. Bütün mərhələləri uğurla keçən və ən yüksək bal toplayan namizədlər Xüsusi Məktəbə qəbul olunacaqlar.