BAZAR

29 Dekabr

Bakıda 1 direktor və 18 müəllim koronavirusdan vəfat edib

Bakı 29 dekabr Fins.az

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn görüş keçirilib.

İdarədən verilən məlumata görə, görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və Vətən Müharibəsi iştirakçısı olmuş paytaxt müəllimləri iştirak ediblər.

Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan görüşdə iştirakçıları salamlayan BŞTİ müdiri Mehriban Vəliyeva düşmən üzərində qalibiyyət qazanan rəşadətli Azərbaycan ordusunun qəhrəman əsgərlərinin döyüşlərdə böyük şücaət göstərdiyini, xalqımızın Ali Baş Komandanımızın qətiyyəti və ordumuzun əzmi sayəsində tariximizin ən parlaq zəfərlərindən birini qazandığını bildirib.

 

İdarə müdiri "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Faəliyyət Planına uyğun olaraq nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Vətən Müharibəsi dövründə ölkəmizi şanlı qələbəyə aparan daxili və xarici siyasətinin təbliği ilə bağlı məlumatların bütün fənlərin məzmununa uyğun şəkildə inteqrasiyasının təmin olunması vəziyyəti, ordumuzun və dövlətimizin əldə etdiyi uğurların mütəmadi təşviqinin aparılması kimi məsələlərə diqqət çəkib.

BŞTİ müdiri Vətən Müharibəsində iştirak edən müəllimlərin təkcə sinif otaqlarında deyil, döyüş meydanındakı qəhrəmanlıqları ilə şagirdlərə vətənpərvərlik dərsi keçməyin mümkünlüyünü sübut etdiklərini, məktəblilər üçün örnək olduqlarını qeyd edib. İdarə müdiri xüsusi karantin rejimi bitdikdən sonra Vətən Müharibəsində iştirak etmiş müəllimlərlə bir daha görüşəcəyini də söyləyib.

M.Vəliyeva çıxışı zamanı BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrindən 1 direktor və 18 müəllimin koronavirus infeksiyasından vəfat etdiyini bildirib. Vəfat edənlərə rəhmət diləyən İdarə müdiri belə faciəli nəticələrdən qorunmaq üçün hər kəsin müvafiq qaydalara əməl etməsinin zəruriliyini vurğulayıb.

BŞTİ müdiri distant (məsafədən) formada tədrisin təşkilində məktəb direktorlarının üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacib olduğunu vurğulayıb. Nazirlər Kabinetinin qərarına əsasən, distan təhsilin müddətinin 2020-ci il dekabrın 30-dan 2021-ci il yanvarın 31-dək uzadıldığına və distant tədris prosesinin təşkilində müəllimlərin səylə çalışmasının vacibliyinə toxunub.

M.Vəliyeva təhsil sahəsində aparılan islahatlardan, ötən dərs ilində qazanılmış uğurlar və perspektiv məsələlərdən, “2020-2021-ci tədris ilində ümumi təhsillə bağlı aktual məsələlər və hədəflər barədə” Təhsil nazirinin əmrində müəyyən edilmiş əsas prioritet istiqamətlərdən danışıb.

Çıxışı zamanı M.Vəliyeva təhsil işçilərinin bundan sonra da vəzifələrinin öhdəsindən layiqincə gələcəyinə və gənc nəslin vətənpərvərlik, azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsində əzmkarlıqla çalışacaqlarına inamını bildirib. Pandemiyanın geniş vüsət alması ilə bağlı şagirdlər və valideynlər arasında maarifləndirmə işlərinin daha da geniş formada aparılmasının vacibliyini xatırladıb.

BŞTİ müdiri keyfiyyətə nəzarət, qiymətləndirmə, ictimiyyətlə əlaqələr, sosial şəbəkələrlə iş, informasiya mübadiləsi, olimpiadalara hazırlıq səviyyəsinin təşkili, məktəb saytlarına nəzarət, və digər məsələlərlə bağlı təklif və tövsiyələrini səsləndirib.

İdarə müdiri tədbir iştirakçılarını qarşıdan gələn 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yen il münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. Sonda BŞTİ tərəfindən Fəxri fərmana layiq görülən 24 məktəb direktorunun adları açıqlanıb.