Oktyabrın ilk həftəsindən başlayaq icma əsaslı məktəbəqədər təhsil qruplarında 9207 nəfər 3-4 yaşlı uşaq erkən təhsilə cəlb olunub.
Təhsil Nazirliyindən bildirilib ki, hazırda xüsusi karantin rejimi ilə əlaqədar əyani tədris formasına müvəqqəti fasilə verilsə də, valideynlərin maariflənməsi üçün yaradılmış ilk5il.com platforması erkən uşaq inkişafı ilə bağlı fəaliyyətini davam etdirir. Eyni zamanda bu tədris ilində “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsinin rəsmi veb saytı (www.icmalayihesi.edu.az) fəaliyyətə başlayıb. Bu da vətəndaşlara layihə barədə suallarını yönləndirmək imkanı verir. Bununla yanaşı, layihənin “Facebook” səhifəsi də aktivdir.
Ümumi sayı 500-ə çatan icma əsaslı məktəqəbədər təhsil qruplarında 486 tərbiyəçi-müəllim çalışır. Tərbiyəçi-müəllimlərin iş keyfiyyəti və mərkəzin ümumi texniki-infrastrukturunun monitorinqi üçün 21 mentor fəaliyyət göstərir. Xüsusi karantin rejimi dövründə tərbiyəçi-müəllimlərin peşəkar inkişafı vebinar və videotəlimlər vasitəsilə həyata keçirilir. İndiyədək təşkil edilən vebinar və videotəlimlər aşağıdakı mövzuları əhatə edib:
- Uşaqlarda koqnitiv sferanı necə inkişaf etdirməsi;
- Oyun uşaq şəxsiyyətinin inkişafında aparıcı fəaliyyət kimi;
- Tərbiyəçilərlə valideynlər arasında ünsiyyətin xüsusiyyətləri;
- Məktəbəqədər yaşda olan uşaqların sosial-psixoloji adaptasiyası və sair.
Qeyd edək ki, cari tədris ilində ümumilikdə 9207 nəfər 3-4 yaşlı uşağı əhatə edən “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı" layihəsi respublikanın 50 şəhər və rayonunda icra olunur.