Bakı, 18 noyabr Fins.az
Dövlət İmtahan Mərkəzi 2020-ci il noyabrın 20-də doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslərin xarici dil (ingilis, fransız və alman dilləri) üzrə qəbul imtahanına daha səmərəli hazırlaşmalarına kömək etmək məqsədilə elektron sınaq imtahanı keçirəcək.
DİM-dən bildirilib ki, sınaq imtahanı doktoranturaya xarici dil üzrə qəbul imtahanının modeli əsasında keçiriləcək və 2 saat 30 dəqiqə davam edəcək (dinləyib-anlama, oxuyub-anlama və dildən istifadə (leksik-qrammatik tapşırıqlar) bloklarından ibarət test tapşırıqlarının cavablandırılmasına 1 saat 30 dəqiqə, esse yazısına 1 saat vaxt ayrılır).
Namizədlər Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında (keçmiş Bakı Asiya Universitetinin binası) xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada imtahan verəcəklər. İmtahanda iştirak etmək üçün onlayn qeydiyyat 12 noyabr saat 14.00-da başlanıb və 19 noyabr saat 14.00-da başa çatacaq. Odur ki, doktorantura və dissertanturaya qəbul imtahanına hazırlaşan namizədlərə xarici dil üzrə biliklərini yoxlamaq, onların imtahana daha səmərəli hazırlaşmalarına kömək etmək, imtahana qalan müddət ərzində biliklərini daha da təkmilləşdirmək imkanı yaratmaq məqsədi daşıyan və məhz qəbul imtahanının modeli əsasında keçiriləcək sınaq imtahanında iştirak etmək tövsiyə olunur.
Sınaq imtahanına qeydiyyatdan keçmək üçün //eservices.dim.gov.az/elimt/DocSinaq keçidinə daxil olmaq lazımdır.
İmtahanda iştirak etmək istəyənlərdən şəxsi kabineti olmayanlar DİM-in internet saytında “Şəxsi kabinet” yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar (bu barədə ətraflı məlumat payment.dim.gov.az internet səhifəsində verilmişdir). “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait (60 AZN) əlavə edildikdən sonra sınaq imtahanında iştirak etmək üçün DİM-in internet saytında onlayn qeydiyyatdan keçmək lazımdır.
Koronavirus pandemiyası ilə əlaqədar sanitariya-gigiyena tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların bədən hərarətləri məsafədən ölçə bilən elektron termometrlə yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq və imtahan otağında iştirakçıların bir-birindən aralı əyləşdirilməsi, həmçinin fasilə zamanı ara məsafənin saxlanılması təmin olunacaq.
Namizədlər imtahan başlanmazdan 1 saat əvvəl imtahan binasında olmalı və buraxılış zamanı şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməlidirlər. Hər bir iştirakçı “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap etməli və sınaq imtahanına gələrkən imzalanmış şəkildə gətirməlidir.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.