BAZAR

03 Noyabr

Qayda pozuntularına yol verən 125, imtahana gəlməyən 63 nəzarətçi bazadan xaric edilib

Dövlət İmtahan Mərkəzi buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmiş nəzarətçi-müəllimlərin fəaliyyətinin təhlili ilə bağlı araşdırmanı yekunlaşdır.

DİM-dən verilən məlumata görə, ali və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarına, ümumi təhsil müəssisələrində təhsilalanların biliyinin yekun qiymətləndirilməsi–buraxılış imtahanlarına orta ümumtəhsil müəssisələrindən nəzarətçi qismində cəlb edilmiş müəllimlərin fəaliyyəti hər il imtahanlar başa çatdıqdan sonra qiymətləndirilir. 

Qiymətləndirmə zamanı nəzarətçinin imtahan texnologiyasını mənimsəmə səviyyəsi, auditoriyanı idarəetmə bacarığı, imtahan sənədləri ilə aparılan işin keyfiyyəti, imtahan rəhbərinin nəzarətçinin fəaliyyətinə verdiyi qiymət və rəyi, köçürmə halları və digər təlimat pozuntuları, 600-dən yuxarı bal toplamış abituriyentlərin sorğu-anketlərində zal nəzarətçisi haqqında rəylər, nəzarətçinin ümumilikdə imtahanlarda fəal iştirakı və əvvəlki imtahanlarda əldə etdiyi keyfiyyət göstəriciləri kimi çoxlu parametrlər nəzərə alınır, imtahan iştirakçılarının şikayət ərizələrinin nəticələri də bu araşdırmalara əlavə edilir.

Araşdırmanın nəticələri nəzarətçi-müəllimlərin fəaliyyətinin təkmilləşdirilməsi, onlarla təşkil ediləcək seminar-məşğələlərin məzmununun və metodunun yenidən işlənməsi, növbəti imtahanlar üçün nəzarətçi seçimi meyarlarının korrektə edilməsi, respublika üzrə orta ümumtəhsil müəssisələrinin qabaqcıl müəllimlərinin imtahanların təşkilində aktiv iştirakının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Məlumat üçün bildirək ki, 2020-ci ildə keçirilən imtahanlara nəzarətçi qismində cəlb edilməsi nəzərdə tutulan müəllimlərin sayı 15657 nəfərdən ibarət olub. Ümumi təhsil müəssisələrində təhsilalanların biliyinin yekun qiymətləndirilməsi imtahanlarına 11334, ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarına isə 6700 nəzarətçi cəlb edilib. Yekun olaraq bu imtahalarda 13043 nəzarətçi (bir nəzarətçinin bir neçə imtahana cəlb edildiyini nəzərə alsaq 28157 nəzarətçi) imtahana cəlb edilib. Onlardan bu il qəbul və buraxılış imtahanlarında nəzarətçi-müəllimlərin fəaliyyətinin qiymətləndirilməsinə dair araşdırmanın nəticələrinə əsasən, nümunəvi fəaliyyətinə görə 1178 nəzarətçi-müəllimə təşəkkür elan edilib. Köçürməyə və digər qayda pozuntularına yol verdiklərinə görə 125 və cəlb edildiyi imtahanlara dəfələrlə heç bir üzrlü səbəb olmadan və etinasızlıq göstərərək gəlməyən 63, ümumilikdə 188 nəzarətçi isə bazadan xaric edilib.  

Xatırladaq ki, indiyə qədər DİM tərəfindən keçirilən imtahanlarda nümunəvi fəaliyyətinə görə fərqlənən 4431 nəzarətçiyə təşəkkür elan edilib, o cümlədən 352 müəllim fəxri fərmanla təltif edilib.

Qeyd edək ki, DİM tərəfindən aparılan araşdırmanın nəticələri barədə Təhsil Nazirliyinə, müvafiq rayon (şəhər) təhsil şöbələrinə, nəzarətçi-müəllimlərin çalışdıqları orta ümumtəhsil müəssisələrinə məktublar göndəriləcək.