2019-cu ildə Azərbaycan hökuməti iqtisadiyyatın şaxələndirilməsi və neft-qaz sektorundan asılılığın azaldılması istiqamətində böyük işlər görüb. “Qazprombank”ın analitikləri belə hesab edirlər.
“2019-cu ildə Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi və neft-qaz sektorundan asılılığının azaldılması istiqamətində böyük işlər görüb. Bu istiqamətdə tədbirlər davam etdirilməlidir”, - deyə bankdan bildiriblər.
2019-cu ilin yekunları üzrə qeyri-neft ÜDM-nin payı 54% təşkil edib, bu sektorun artım tempi 3,5%-ə qədər sürətlənib. "Qeyd etmək lazımdır ki, 2019-cu ildə məhz qeyri-neft sektoru Azərbaycan iqtisadiyyatının artım tempinin 2,2%, neft ÜDM-nin isə 0,2% sürətlənməsinə imkan verib. Bundan başqa, 2019-cu ildə qeyri-neft sektoruna sərmayə qoyuluşları 23%, qeyri-neft sektoruna isə 1,9% artıb”, - deyə bankın Azərbaycan iqtisadiyyatına dair icmalında vurğulanır.
“Qazprombank” hesab edir ki, Azərbaycanın ixrac strukturu daha da şaxələndirilməni tələb edir. “Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2019-cu ilin yekunları üzrə malların ixrac strukturunda neft-qaz məhsullarının payı yüksək (90%) olaraq qalır, o cümlədən xam neftin ixrac həcmi 76% təşkil edir. İqtisadiyyatın neft-qaz sektorundan asılılığını azaltmaq üçün Azərbaycan İqtisadiyyat Nazirliyi 2020-ci ilin iyul ayına qədər qeyri-neft ixracının yeni inkişaf strategiyasını hazırlayacaq. Strategiya qeyri-neft ixracının həcminin artırılmasını nəzərdə tutur”, - deyə bank qeyd edir.
“Qazprombank”ın analitikləri qeyd edirlər ki, Azərbaycanın xarici balansı güclü olaraq qalır. “Xarici şoklara dayanıqlılığı təmin edən beynəlxalq ehtiyatların toplanmasında böyük irəliləyiş əldə edilib. Xüsusilə Azərbaycan cari hesab balansının ÜDM-ə nisbətinə görə (2019-cu ilin 9 ayının yekunları üzrə 11,8% və ya mütləq ifadədə $4 milyard təşkil edib) MDB-də lider mövqeyini qoruyur.
Bundan başqa, Azərbaycan beynəlxalq ehtiyatların (Dövlət Neft Fondunun aktivləri də daxil olmaqla) ÜDM-ə nisbətinə görə (2019-cu ilin yekunları üzrə 100%-i ötüb) MDB-də lider mövqeyini qoruyub saxlayır. Bizim qiymətləndirmələrimizə görə, 2019-cu ildə ARDNF-in aktivləri 16%, bu aktivlər nəzərə alınmaqla məcmu beynəlxalq ehtiyatlar isə 15,4% artıb. Hesab edirik ki, bu, ötən il qüvvəyə minmiş büdcə qaydaları hesabına mümkün olub”, - deyə məlumatda vurğulanır.
“Qazprombank”ın analitikləri, həmçinin Azərbaycanda iqtisadi artım perspektivlərinə nikbin baxırlar. "Aparılan islahatlar fonunda 2020-ci ilin yekunları üzrə iqtisadi artım, ilk növbədə, qeyri-neft sektoru hesabına 2019-cu ildəki 2,2%-dən 3%-ə çata bilər", - deyə bankda hesab edirlər.
“Qazprombank” Rusiyanın korporativ və fərdi müştərilərə, maliyyə institutlarına, institusional və özəl investorlara bank, maliyyə, investisiya məhsulları və xidmətlərinin geniş spektrini təqdim edən ən iri universal maliyyə institutlarından biridir.
"İnterfaks-Azərbaycan"