Üç il əvvəl, Zeekr 001 liftbəki Geely holdinqinin bahalı və qabaqcıl elektrik avtomobilləri üçün yaratdığı yeni brendin ilki olub.
Fins.az xəbər verir ki, Zeekr brendi artıq Azərbaycanda da fəaliyyət göstərir: az sayda olsa da, küçələrimizdə şütüyən 001 liftbəklərini, hətta 009 minivenini görmək mümkündür. Hazırda Zeekr brendinin çeşidində dörd model var.
Zeekr 001 liftbəkinə gəlincə isə, onun plan üzrə restaylinqinin tam zamanıdır. Yenilənmiş liftbəkin xarici görünüşü artıq nümayiş etdirilib və bəzi texniki xüsusiyyətləri dərc olunub. Yenilənmiş modelin təqdimatında Formula 1 çempionatının ilk çinli pilotu Çjou Quanyu iştirak edib.
Liftbəkin xarici görünüşü Zeekr 001 FR ekstremal versiyasının mötivləri üzrə nöqtəvari yenilənib. Xarakterik hava kanalları olan bamperlər ekstremal versiyadan götürülüb, lakin burada FR versiyasında olduğu kimi, inkişaf etdirilmiş splitter və diffuzor yoxdur.
Effektiv karbon spoyler də yenilənmiş liftbəkə qismət olmayıb: adi 001 modeli kuzov rəngində olan sadə spoyler ilə kifayətlənməli olub. Yeni bamperlərin hesabına avtomobilin uzunluğu 7 millimetr (4977 millimetr) artıb, lakin avtomobilin eni (1999 millimetr) və təkər bazası (3005 millimetr) dəyişməz qalıb. Pnevmatik asqının standart vəziyyətində liftbəkin hündürlüyü 1545 millimetr təşkil edir.
İnteryer də kiçik toxunuşlarla yenilənib. Şüşəqaldıranların ənənəvi düymələri dəstəklərlə əvəz edilib, qapının kilidinin açılması mexanizmi dəyişdirilib, havalandırma deflektorları və sükan çarxının düymələri yenidən işlənib, simsiz enerji doldurma paneli teksturalı eko-dəri ilə üzlənib.
Multimedia sistemi daha ciddi modernləşməyə məruz qalıb: o, yeni Snapdragon 8295 prosessoruna və artırılmış reallıqlı displeyi olan 35,5-düymlük proyeksiya displeyinə sahib olub. Avtopilot ön şüşədə quraşdırılmış lidarla tamamlanıb.
Zeekr 001 elektromobili əvvəlki kimi pnevmatik asqısı, adaptiv amortizatorları və 800 voltluq elektrik sistemi olan SEA (Sustainable Experience Architecture) platformasına əsaslanır. Ancaq buradakı əsas dəyişikliklər elektrik mühərriklərinə aiddir.
Hətta başlanğıc səviyyəli arxa ötürməli versiya indi 422 at qüvvəli mühərrik ilə təchiz edilir. Əvvəllər baza versiyası 272 at qüvvəsi ilə öyünə bilirdi. Eyni mühərrik tam ötürməli liftbəkin arxa oxunda quraşdırılıb, ön elektrik mühərrikinin gücü isə, 272-dən 367 at qüvvəsinə qədər artırılıb.
Nəticədə iki mühərrikin ümumi gücü 789 at qüvvəsinə (+ 245 at qüvvəsi) çatıb. Hər iki modifikasiyanın maksimal sürəti 240 km/saat həddində məhdudlaşdırılıb.
Çində yenilənmədən əvvəlki avtomobillərin qiyməti 269 min yuandan (63,5 min manat) başlayır.
©autograph.az