AVTO

15 Fevral

İkinci əl avtomobil satışları 11% artıb - TÜRKİYƏ

Türkiyədə yanvarda onlayn ikinci əl avtomobil elan saytlarında korporativ dilerlər tərəfindən 181 min 774 avtomobil və yüngül kommersiya vasitəsi satılıb. 2023-cü ilin yanvar ayı ilə müqayisədə satışlar 11% artıb.

Fins.az Indicata adlı araşdırma şirkəti tərəfindən hazırlanan hesabata istinadən xəbər verir ki, ikinci əl korporativ internet saytları, Sahibinden, Arabam, Letgo və VavaCars kimi reklam saytları, Leaseplan, Intercity və Otokoç kimi qurum və platformaların məlumatları yer alır. Hər gün 460 mindən çox ikinci əl avtomobil məlumatları təhlil edilir. Hesabata fərdi satıcıların məlumatları daxil edilmir, yalnız korporativ reklamlar əsas götürülür.

Yanvar ayında onlayn platformalarda korporativ satıcılar tərəfindən cəmi 354 min 743 reklam yayımlanıb. Ötən ilin yanvar ayı ilə müqayisədə reklamların sayı 9 faiz azaldığı halda, satışın həcmi 11 faiz artıb.

Ən çox satılan 35 markanın 249 fərqli modeli üzərində aparılan qiymət dəyişikliyi təhlilində 2024-cü ilin yanvar ayında 2023-cü ilin dekabr ayına nisbətən satış qiymətlərinin 0,09 faiz azaldığı müşahidə edilib.

Günel Məlikzadə
Fins.az