Çin istehsalçılarının avtomobil dünyasında, xüsusən də elektrikli avtomobil bazarında dominant rol oynamağa başladığından danışırıq. Avropalı istehsalçıları narahat edən bu vəziyyət qarşısında son vaxtlar böyük bir iddia ortaya atılıb. İki böyük avtomobil nəhəngi Stellantis və Renault-nun güclərini birləşdirəcəyi iddia edilirdi.
Fins.az xəbər verir ki, bu xəbər avtomobil aləmində həyəcan yaratsa da, qısa zamanda təkzib edildi. Stellantis İdarə Heyətinin sədri Con Elkann iddiaları rədd edərək, digər istehsalçılarla ortaqlıq planlarının olmadığını və Stellantis-in hazırkı uzunmüddətli planlarını həyata keçirməyə fokuslandığını bildirib.
Çatı altında 14 marka olan Stellantis, elektrikli avtomobil bazarına doğru hərəkətlərini davam etdirir. 2030-cu ilə qədər 75-dən çox elektromobil istehsal etməyi planlaşdıran şirkət hazırda 700-800 km məsafə qət edə bilən STLA Medium və STLA Large platformalarında qurulmuş elektrik modellərini satışa çıxarmağa hazırlaşır.
Güclü olduğu Rusiya bazarını tərk etməsi və Nissan ilə əlaqələrini azaltması səbəbindən zəiflədiyi deyilən Renault, mütəxəssislər tərəfindən potensial birləşməyə hazır kimi xarakterizə edilir. Bununla belə, ekspertlər hələ də Stellantis və Renault-nun birləşməsində o qədər də məntiq görmürlər və bunun Avropada yalnız həddindən artıq gücü artıracağını deyirlər.
Günel Məlikzadə
Fins.az