AVTO

24 Sentyabr

Çip çatışmamazlığı dünya avtomobil sənayesinə neçəyə başa gələcək?

Elektron komponentlərin çatışmazlığı avtomobil sənayesinə ciddi zərbə vurmağa davam edir. Belə ki, avtomobil istehsalçıları 2021-ci ili 210 milyard dollar məbləğində itki ilə başa vura bilərlər. Belə proqnoz ilə, may ayında 110 milyard, yanvarda isə 60.6 milyard məbləğində ziyanın olacağını söyləyən AlixPartners konsaltinq firmasının mütəxəssisləri çıxış ediblər. Bununla birlikdə, şirkətləri zavodları bağlamağa və planlarını düzəltməyə məcbur edən pandemiya hələ də davam edir. Buna baxmayaraq, bir sıra istehsalçılar vəziyyətin gələn il yaxşılaşacağına ümid bəsləyirlər.

AlixPartners firmasının avtomobil sənayesi üzrə rəhbəri Mark Veykfildin bildirdiyinə görə, proqnozun kəskin şəkildə pisləşməsinin əsas səbəbi Malayziyadakı lokdaunlar və digər ölkələrdə yaşanan problemlərdir. Bu hadisələr yarımkeçiricilər ilə bağlı vəziyyətə mənfi təsir göstərirlər.

Avtomobillərin sayına gəlincə isə, mütəxəssislərin hesablamalarına görə, 2021-ci ildə 7,7 milyon avtomobil buraxılmayacaqdır. Müqayisə üçün qeyd edək ki, may ayında söhbət 3,9 milyon avtomobildən gedirdi. Boston Consulting Group agetnliyinin analitikləri də oxşar proqnoz veriblər: onların fikrincə, defisit səbəbindən dünya cari ildə yeddi ilə doqquz milyona qədər avtomobili “itirəcəkdir”.

Avtomobil istehsalçıları yaranmış istehsal çətinlikləri səbəbindən gəlirlərinin azaldığını söyləyirlər. Ford şirkətinin istehsalı 700 min, Stellantis ittifaqının - 600 min, Renault qrupunun isə 415 min avtomobil azaltdığı bildirilir.

Zərərləri qismən də olsa, defisitin yaratdığı yüksək tələbat və rekord qiymətlər hesabına kompensasiya etmək mümkün olub. Bəzi markalar vəziyyətin normala qayıtmasından sonra belə avtomobil çatışmazlığını süni şəkildə saxlamaq niyyətindədirlər: məsələn, bunun sayəsində BMW və Daimler AG konsernləri daha yüksək qiymətləri qorumaq və avtomobillərin “lüks” imicini artırmaq istəyirlər. Autograph.az