Alman avtomobil istehsalçısı Audi yeni futurustik elektrikli avtomobil konsepsiyası təqdim edib.
Fins.az xəbər verir ki, Skysphere adlanan və dünən Kaliforniyadakı 2021 Monterey Avtomobil Həftəsində təqdim olunan elektromobil mükəmməl dizaynı və texnoloji interyeri ilə seçilir.
96,5 km/saat sürəti cəmi 4 saniyəyə yığan və tam enerji yığdıqdan sonra 500 km-ə qədər gedə biləcək lüks avtomobil həm də bir sıra texnoloji yeniliklərə sahibdir. Bunlara hərəkət zamanı ölçüləri dəyişə bilən təkərlər, tam və yarı-avtonom hərəkət imkanı, 25 sm-ə qədər böyüyə bilən kürəyəbənzər kabinə və başqaları aiddir.
Skysphere Audi-nin elektrikli avtomobillərə keçmək yolunda ən mühüm dönüş nöqtələrindən biri olacaq. Şirkət 2026-cı ildən sonra daxili yanma mühərrikli avtomobil buraxmayacağını və 2033-cü ilə qədər istehsalı tam elektrikli modellərə keçirəcəyini bildirib.
Sentyabrın 1-də daha bir gələcəyin modeli - Grandsphere, növbəti ilin ortalarında isə Urbansphere təqdim olunacaq. Müştəri marağı və sifarişlərin həcmindən asılı olaraq, yeni modellərin buraxılış tarixi daha sonra dəqiqləşəcək.