AVTO

09 Aprel

Volkswagen-in yenilənmiş modeli

Volkswagen şirkətinin qoşulan hibrid güc qurğusuna malik olan Tiguan modelini hazırladığı barədə məlumat vermişdik.

Yeni güc qurğusu ilə yanaşı, alman krossoveri yenilənmiş eksteryer və interyerə, həmçinin səkkizinci nəsil Golf hetçbekindən götürülmüş texnologiyalara sahib olacaqdır. Volkswagen şirkəti PHEV aqreqatı ilə təchiz edilmiş Tiguan GTE modelinin ilin sonuna qədər debüt edəcəyini təsdiqləyib. Böyük ehtimalla, alman krossoveri Skoda Octavia vRS iV modelində debüt etmiş güc qurğusu ilə təchiz ediləcəkdir. Xatırladaq ki, Octavia vRS iV modelinin hibrid qurğusunun tərkibinə 150 at qüvvəli 1,4-litrlik benzin turbomühərriki, 115 at qüvvəli elektromotor, 13 kilovat-saatlıq batareya və iki muftalı 6-pilləli DSG “robot” daxildir. Hibrid qurğunun ümumi hasilatı 245 at qüvvəsi və 400 Nm fırlanma anıdır. Eyni güc qurğusu ilə səkkizinci nəsil Golf GTE və Passat GTE modelləri təchiz edilir.

Bu qurğudan, ilin sonuna qədər debüt edəcək Volkswagen Arteon GTE modelində də istifadə olunacaqdır. Yenilənmiş Volkswagen Tiguan modeli yeni bamperlərə, radiator barmaqlığına, LED fənərlərə və naxışı yenilənmiş arxa fənərlərə sahib olacaqdır. Avtomobilin ön tərəfinin tərtibatı sonuncu Golf modelinin U-şəkilli dizayn üslubunda olacaqdır. Krossoverin interyerində də müəyyən dəyişikliklər olmalıdır.

Tiguan modelinin baza versiyası əvvəlki kimi multimedia sisteminin 8-düymlük displeyi ilə təchiz ediləcəkdir. Daha bahalı modifikasiyalarda multimedia sisteminin 10-düymlük sensorlu displeyi və 10,25-düymlük virtual cihazlar paneli quraşdırılacaqdır.