SOSİUM

“Meliorasiya və Su Təsərrüfatı”: Bu il 38 şəhər və rayonda 300 subartezian quyu istifadəyə veriləcək
07 FEVRAL
389

“Meliorasiya və Su Təsərrüfatı”: Bu il 38 şəhər və rayonda 300 subartezian quyu istifadəyə veriləcək

2018-02-07 09:46:00

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-də “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan konfransda Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələr və verilən tapşırıqlara həsr olunan kollegiya iclası keçirilib.

Fins.az xəbər verir ki, ASC sədri Əhməd Əhmədzadə prezident İlham Əliyev tərəfindən Cəmiyyətin kollektivi qarşısında suvarılan torpaqların 2018-ci ildə daha 100 min hektar artırılması ilə ixracyönümlü kənd təsərrüfatı məhsullarının inkişafı istiqamətində müəyyən edilmiş hədəflərə nail olunması üçün mühüm vəzifələr qoyduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, 2018-ci ildə də böyüklüyünə və kənd təsərrüfatına təsirinə görə xüsusi rola malik olan “Taxtakörpü” və “Şəmkirçay” su anbarları zonalarında magistral və paylayıcı suvarma kanallarının tikintisi işləri davam etdiriləcək. Şəmkir-Samux-Goranboy magistral kanalının İpək yolu ilə kəsişmə qurğusunda və ondan sonra kanalın 5 kilometrə qədər hissəsində tamamlama işləri başa çatdırılaraq. Goranboy rayonunda 8000 hektar sahəyə suvarma suyu çatdırılacaq.

“Taxtakörpü” su anbarı zonasında isə Şabran rayonunda meliorativ tədbirlər davam etdirilərək 12 min hektar, o cümlədən 5 min hektara yaxın yeni torpaqlar istifadəyə veriləcək və 7 min hektar əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq.

Eyni zamanda, Şabran rayonunda 8 min hektara yaxın torpaq sahəsinin meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün kollektor-drenaj şəbəkələrinin tikintisi işləri yerinə yetiriləcək: “Kür çayında nasos stansiyasında və H kanalında tikinti işləri davam etdirilərək Sabirabad rayonu üzrə qalan 7551 hektar əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq, eləcə də rayonun Kür çayı üzərindəki nasos stansiyasında və magistral kanalda tikinti işlərini tamamlamaqla, rayonun 9320 hektara yaxın az məhsuldar qış otlaq sahələrinə suvarma suyu çatdırılacaq. Eyni zamanda, bu layihələr çərçivəsində Biləsuvar rayonunun 1631 hektarı yeni torpaq sahələri suvarma suyu ilə təmin ediləcək. Goranboy və Qax rayonlarında yaradılmış aqroparklara məxsus torpaq sahələrində meliorativ tədbirlər davam etdirilərək bu torpaqlara suvarma suyunun çatdırılması, ötən ildə suvarma suyu çatdırılmış Şabran rayonunda yaradılacaq aqroparka məxsus 1740 hektar sahədə isə torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri başa çatdırılacaq. Şəki və Oğuz rayonlarında 12 min hektar sahədə yaradılacaq aqroparka məxsus torpaq sahələrinə suvarma suyunun çatdırılması üçün layihə sənədlərini tamamlamaqla yaxın günlərdə Türyançay çayında nasos stansiyasının və təzyiqli boru kəmərinin tikintisi işlərinə başlanılacaq. Xəzər, Pirallahı və Xızı rayonlarında zeytun və badam bağları salınacaq. 5000 hektar sahənin 2400 hektarında tikinti işləri başa çatdırılaraq suvarma suyu ilə təmin ediləcək,” – deyə Ə. Əhmədzadə qeyd edib.

ASC sədri bildirib ki, Neftçala və Yuxarı Mil kanallarının tikintisi davam etdirilərək Neftçala rayonunun 12433 hektar əkin sahəsinin su təminatı yaxşılaşdırılacaq, Ağcabədi rayonunda isə 1900 hektar yeni torpaq sahələrinə suvarma suyu çatdırılacaq.

Sədrin özlərinə görə, ötən ildə torpaq məcrada inşa olunmuş 54 kilometr uzunluğunda Araz çayının yeni qolunun cari ildə beton üzlüyə alınması ilə Saatlı, Biləsuvar və İmişli rayonlarında daha 13 min hektardan çox yeni torpaq sahələrinə suvarma suyunun verilməsi mümkün olacaq. Prezidentin sərəncamı ilə Cəbrayılrayonunun Cocuq Mərcanlı kəndinə bitişik Füzuli rayonunun Mirzənağılı və Qazaxlar kəndlərinin 280 hektar əkin sahəsinə Araz çayından suvarma suyu verilməsi üçün nasos stansiyasının, təzyiqli boru kəmərinin tikintisi davam etdirilərək bu torpaqlar suvarma suyu ilə təmin ediləcək.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259