SOSİUM

30 Aprel

4500-dən çox bilet geri qaytarılıb - RƏSMİ

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən qabaqcadan satış kassalarından və eləcə də online qaydada alınan biletlərin geri qaytarılması prosesi tam olaraq başa çatdırılıb.

Fins.az xəbər verir ki, bunu Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova bildirib.

Onun sözlərinə görə, satış kassalarından alınan biletlər aprel ayının əvvəllərində, online qaydada alınan biletlər isə cari ayın 20-nə qədər geri alınıb:

“Artıq qabaqcadan satış kassalarından, eləcə də online qaydada alınan biletlərin geri qaytarılması prosesi tam olaraq yekunlaşıb. Ümumilikdə 4569 bilet geri alınıb, ödənilən məbləğ sərnişinlərə qaytarılıb. Onlardan 3319-u satış kassalarından alınan biletlərdir, 558 əməliyyat kodu üzrə 1250 bilet isə online qaydada alınanlardır”.

P.Məmmədova qeyd edib ki, biletlərin məbləği heç bir komissiya tutulmadan sərnişinlərə geri qaytarılıb.