SOSİUM

06 Aprel

İşsizlərə 190 manat ödəniləcək - Kimlər işsiz kimi qeydiyyatdan keçə bilər? - İZAH

Koronavirus (COVID-19) pandemiyasının iqtisadi zərərlərini azaltmaq məqsədilə hazırlanan Tədbirlər Planında bu ilin aprel-may aylarında 200 minə qədər şəxsə yaşayış minimumu qədər - 190 manat birdəfəlik ödəniş veriləcəyi qeyd olunur. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənişin edilməsi üçün 70 mln. manat ayrılıb.

Bəs işsiz kimi qeydiyyatdan keçən bu kateqoriya şəxslərə kimlər aid edilir? Hazırda çalışmayan hər kəs işsiz kimi qeydiyyatdan keçə bilərmi?

Mövzu ilə bağlı açıqlama verən "Spektr" Araşdırma və İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Ramil Abbasov bildirdi ki, dövlətin tədbirlər planında qeyd edildiyi kimi bu yardım 2 ay ərzində yəni aprel-may aylarında göstəriləcək və Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə şəklində veriləcək:

"Göründüyü kimi hər bir işsizə bu ödəniş verilməyəcək. Qeydiyyatda olmayan şəxslərə isə qeydiyyata düşməyi tövsiyyə edərdim. Təbii ki, hər bir özünü işsiz sayan da qeydiyyata düşə bilməz. Vətəndaş işsiz statusunu almaq üçün müəyyən meyarlara uyğun olmalıdır. Məsələn, işsiz olan lakin adında pay torpağı olan şəxslər qeydiyyata düşə bilməyəcək. Dövlət bunu onunla əlaqələndirir ki, vətəndaş torpağı əkib becərərək özünə məşğulluq yarada, keçimini təmin edə bilər".

Ekspertin sözlərinə görə, günəmuzd işləyən, amma nə məşğul, nə də işsiz əhali kimi qeydiyyatda olan vətəndaşlar da var:

"Təklif edərdim ki, dövlət həmin obyektlərə işçiləri qeydiyyata almadığına görə amnistiya versin və onların siyahısını sahibkardan götürsün. Digər bir variant kimi isə həmin şəxslər öz fəaliyyət sahələrinə uyğun vergi uçotuna dayansınlar. Məsələn, aşpaz kimi, ofisiant kimi və s".

R. Abbasov əlavə edib ki, tədbirlər planının təsdiqlənməsinə baxmayaraq çox güman işləmə mexanizminə uyğun əlavələr olacaq.

© Mediapost