SOSİUM

11 Mart

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, AMB və ABA arasında memorandum imzalanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Mərkəzi Bankı (AMB) və Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair memorandum imzalanıb. 

Fins.az-ın verdiyi xəbərə görə, müqavilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, AMB və ABA arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə dəstək vermək, mikro, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq məqsədilə bağlanılıb.

Memoranduma əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan işsiz şəxslərin, o cümlədən əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin, məcburi köçkünlərin iqtisadiyyatın müxtəlif sahələri üzrə özünüməşğulluq fəaliyyətinin dəstəklənməsi üçün, natura şəklində material, avadanlıq və digər əmlakın 2 il müddətinə müqavilə əsasında əvəzsiz olaraq bu şəxslərin istifadəsinə verilməsi nəzərdə tutulub. 

Ölkə ərazisində fəaliyyət göstərən banklar könüllülük prinsipi əsasında Proqramda iştirak edəcək və bu Memorandum üzrə tədbirləri əvəzsiz olaraq maliyyələşdirəcək.  Memoranduma əsasən proqram iştirakçılarının müxtəlif bank-maliyyə alətlərinə çıxışı da dəstəklənəcək.