SƏNAYE

04 Noyabr

Oktyabr ayında Avropada qazın orta qiyməti 10% artdı

Fins.az - Avropada oktyabr ayının yekunlarına əsasən qazın orta qiyməti 10% artaraq 1 min kubmetr üçün təxminən 456 dollar təşkil edib.

Bu məlumat Londonda yerləşən ICE birjasının fyuçers bazarındakı məlumatları əsasında dərc olunub. Bununla yanaşı, oktyabrın son ticarət günündə qazın qiyməti günün sonuna doğru 5% azalıb. 30 sentyabrda qaz fyuçersləri 1 min kubmetr üçün təxminən 444 dollar səviyyəsində ticarət olunurdusa, 31 oktyabrda bu rəqəm 432 dollara enib.

Qazın orta qiyməti ilin əvvəlində daha aşağı göstəricilərə malik idi. 2023-cü ilin dekabrında Avropada qazın orta qiyməti 1 min kubmetr üçün 408 dollar olsa da, yanvarda bu rəqəm 337 dollara qədər azalmışdı. Apreldən etibarən qiymətlərdə artım müşahidə olunur. Məsələn, iyunda qazın qiyməti illik müqayisədə 5% artaraq 384 dollar, avqustda isə 10% artaraq 437 dollar təşkil edib.

Qiymət artımına təsir edən əsas amillərdən biri Avropada qış mövsümü ərəfəsində LNG-yə tələbin artması və qaz anbarlarından istifadənin yüksək olmasıdır. Ayın sonunda Norveçdən təchizatda yaranan fasilələr də qiymət artımını şərtləndirib. Avropanın yeraltı qaz anbarlarının doluluq səviyyəsi hazırda 95%-dən çoxdur və burada 105,5 milyard kubmetrdən çox qaz saxlanılır.

Bundan başqa, İsrail ilə İran arasındakı gərginlik, eləcə də Rusiya qazının Ukrayna üzərindən tranziti ilə bağlı müqavilənin taleyi bazarda narahatlıqları artırır. Ukraynanın Kursk vilayətində yerləşən “Sudja” qaz ölçmə stansiyasına avqust ayında edilən hücum da Avropa qaz bazarına təzyiq göstərən amillər sırasındadır.