SIĞORTA

30 Noyabr

PAŞA Sığorta nüfuzlu “Great Place To Work” – “Mükəmməl iş yeri” mükafatına layiq görülüb

PAŞA Sığorta iş yerində yüksək işçi məmnuniyyəti və korporativ mədəniyyət ilə bağlı mükafatlandırılan “Great Place to Work” –  “Mükəmməl iş yeri” mükafatını əldə edib və Azərbaycanda bu mükafata layiq görülən ilk sığorta şirkətidir. Bu nüfuzlu mükafat, şirkətin əməkdaşlarına göstərdiyi diqqət, onların rifahı və inkişafına verdiyi önəmi təsdiqidir.

Bu barədə Fins.az-a şirkətdən məlumat verilib.

"“Great Place to Work” mükafatı şirkətdaxili mədəniyyətimizin, mükəmməlliyə və innovasiyaya sadiqliyimizin təzahürüdür. Bizim üçün bu, sadəcə “yaxşı bir iş yeri” olmaq deyil, həm də insanların ruhlandığı və bağlılıq hiss etdiyi mühit yaratmaqdır. PAŞA Sığorta olaraq, əməkdaşlarımızın inkişafına və karyera imkanlarına verdiyimiz önəmi daim diqqət mərkəzində saxlamağa davam edirik və təşkilati mədəniyyətimizin uğurumuzun əsası olduğuna inanırıq" deyə, şirkətin İnsan Resursları və İstedadların idarə olunması departamentinin rəhbəri Günay Teymurova bildirib.

Təsadüfi deyil ki, PAŞA Sığorta əməkdaşlarının karyera inkişafına təkan vermək üçün  təlimlər, inkişaf proqramları, müxtəlif növ “bootcamp”lar, xarici ölkələrdə keçirilən konfranslarda iştirak imkanı təqdim edərək onların peşəkar bilik və bacarıqlarını davamlı olaraq artırır.
"Bu mükafat, bizim uzunmüddətli strateji yanaşmamızın, dəyərlərimizə sadiqliyimizin və insanları ön planda tutan iş prinsiplərimizin nəticəsidir. Bu uğur bizə əməkdaşlarımız, müştərilərimiz və tərəfdaşlarımızla olan güclü əməkdaşlıq əlaqələrini yeni bir səviyyəyə qaldırmağa təkan verir. Hər bir addımımızda daha yüksək hədəflərə çatmaq üçün ilham alır, əməkdaşlarımızın güvənini və bağlılığını daha da artıraraq, böyümə və inkişaf yolunda əzmlə irəliləyirik."– deyə, PAŞA Sığortanın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova vurğulayıb.

Qeyd edək ki, “Great Place to Work” mükafatı, dünya miqyasında iş yerlərindəki mükəmməlliyi qiymətləndirən və işçi məmnuniyyətini ön planda tutan qlobal bir proqramdır. Great Place To Work beynəlxalq qurum olmaqla 5 qitədə və 170-dən çox ölkədə fəaliyyət göstərir və  Qurumun məqsədi insanlar üçün ən arzuolunan iş yerlərinin siyahısını müəyyən etməkdir. Mükafatın verilməsi üçün işçilərin anonim şəkildə sorğuda iştirak edərək, verdikləri cavablar əsas götürülür.

PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 700 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Zemfira Ms
Fins.az