SƏNAYE

16 Aprel

"OPEC" Azərbaycan üzrə proqnozunda dəyişiklik

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2020-ci il üçün Azərbaycanda gündəlik ortalama neft hasilatı üzrə proqnozunu azaldıb.

OPEC-in aylıq hesabatında ötən ay OPEC bu il üçün ölkədə gündəlik orta neft hasilatının 0,77 mln. barel olacağını proqnozlaşdırır. Yeni proqnoza əsasən, 2020-ci ildə ölkədə gündəlik ortalama neft hasilatı 0,7 mln. barel olacaq.

Məlumata əsasən, proqnoz “Azəri-Çiraq-Günəşli” blokuna daxil olan “Çıraq” neft yatağında və “Şahdəniz” qaz-kondensat yatağında planlaşdırılan təmir işləri və ölkə tərəfindən razılaşdırılmış könüllü neft hasilatının tənzimləməsini nəzərə alınmaq verilib.

Qeyd edək ki, Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağında yerləşən "Şahdəniz Alfa" platformasının fəaliyyəti planlaşdırılmış təmir-sazlama işləri ilə əlaqədar bu ilin ikinci yarısında dayandıracaq. Bundan başqa B. Aslanbəylinin sözlərinə görə, 2020-ci ilin ikinci yarısında planlaşdırılmış təmir-sazlama işlərinin aparılması məqsədilə "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqlar blokunda yerləşən "Çıraq" platformasının da işi dayandırılacaq.

Bundan əlavə, xatırladmaq lazımdır ki, 9 apreldə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında mayın 1-dən 2022-ci ilin aprelinədək gündəlik neft hasilatının üç mərhələ üzrə azaldılması barədə qərar qəbul edilib.

"Əməkdaşlıq Bəyannaməsi"nə edilmiş düzəlişlərə əsasən, Meksikanın hasilat kvotaları may-iyun aylarında 400 min barel əvəzinə 100 min barel müəyyənləşdirilib. Meksikanın öhdəliyinin digər qismini kompensasiya etmək üçün ABŞ-ın öz hasilatını əlavə olaraq 300 min barel azaltması ilə razılaşıb. Bununla da "OPEC+" üzrə gündəlik neft hasilatının mayın 1-dən 9,7 mln. barel (10 mln. barel əvəzinə), iyulun 1-dən ilin sonuna kimi 7,7 mln. barel və 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 mln barel həcmində azaldılması qərarının icrasına yekdilliklə razılıq verilib.

Dünya neft bazarında balansın yaradılması və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə Azərbaycan da üzərinə yeni öhdəliklər götürüb. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan yeni Razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barel azaltmalı olacaq. Bu müddət ərzində (may-iyun) Azərbaycan gündəlik xam neft hasilatını 554 min barel həcmində saxlamalıdır.

(c)APA