SƏNAYE

15 Aprel

Sənayenin qeyri neft sektorunda istehsalın nə qədər olduğu AÇIQLANIB

Bu ilin I rübündə Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 10,6 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 % çox sənaye məhsulu istehsal edib.
Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb.
Bildirilir ki, sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 23% artıb.

Belə ki, sənaye məhsulunun 65,5%-i mədənçıxarma sektorunda, 28,4%-i emal sektorunda, 5,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Məlumata görə, mədənçıxarma sektorunda neft hasilatı 3,9% azalmış, əmtəəlik qaz hasilatı isə 15,3% artıb.

Emal sektorunda elektron və optik məhsulların istehsalı 3,9 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 2,1 dəfə, içkilərin istehsalı 2,1 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 66,7%, əczaçılıq məhsullarının istehsalı 36,7%, ağacın emalı və ağacdan məmulatların istehsalı 28%, tütün məmulatlarının istehsalı 28%, kimya sənayesi məhsullarının istehsalı 25,7%, rezin və plastik kütlə məmulatlarının istehsalı 25%, poliqrafiya məhsullarının istehsalı 20,2%, kağız və karton istehsalı 20,2%, elektrik avadanlıqlarının istehsalı 18,3%, mebel istehsalı 14,1%, toxuculuq sənayesi məhsullarının istehsalı 10,5%, geyim istehsalı 10%, neft məhsullarının istehsalı 9,6%, qida məhsullarının istehsalı 5,3%, hazır metal məmulatlarının istehsalı 2,7% artıb, tikinti materiallarının istehsalı 14,8%, maşın və avadanlıqların istehsalı 16%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 20,7%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 60,7% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 17,1%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,2% artıb

Müəllif:Aynur Qəniyeva