SƏNAYE

15 Aprel

Prezident neftin qiymətindən danışdı

"Əgər neftin qiyməti bərpa olunmasa, bizi əlavə itkilər gözləyir və təbii olaraq bizim valyuta ehtiyatlarımız azalacaq"

Fins.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə çıxışı zamanı deyib.

Prezident qeyd edib ki, OPEC və qeyri-OPEC ölkələrinin razılaşması Azərbaycanın üzərinə öhdəliklər qoyur:

“Bildirmək istəyirəm ki, Azərbaycan həmişə OPEC+ çərçivəsində çox fəal rol oynamışdır. Onu da xatırlatmaq istəyirəm ki, OPEC+ formatının ideyasını ilk dəfə Davos Ümumdünya İqtisadi Forumunun panel müzakirəsində mən vermişdim. Hətta bu gün OPEC-in baş katibi bunu qeyd edir. İndi artıq nəinki OPEC+ və neft hasil edən bütün ölkələr razılığa gəlib. Hesab edirəm ki, bu, çox nadir əməkdaşlıq formatıdır və bu format hər bir ölkənin üzərinə əlavə öhdəlik qoyur, o cümlədən Azərbaycanın. Bu razılaşmaya görə bizim neft hasilatımız bu il ixtisar ediləcək. Artıq kvotalar müəyyən edildi. Əgər neftin qiyməti lazımi səviyyəyə qalxmasa, onda biz əlavə itkilərə məruz qalacağıq. Biz bunu bilməliyik ki, bu itkilər təqribən 700 milyon, bəlkə də 1 milyard dollar ətrafında ola bilər.

Ona görə indidən öz addımlarımızı atmalıyıq, çünki onsuz da keçən il qəbul edilmiş qərarlar əsasında böyük sosial paket icra edildi. Təbii ki, bu sosial paket bu il və bundan sonrakı illərdə də insanlara təqdim ediləcək. Koronavirusla bağlı ən azı 2,5 milyard manat nəzərdə tutulur. Qeyd etdiyim kimi, Prezidentin ehtiyat fondundan ləvazimatların alınmasına 100 milyon manata yaxın vəsait istiqamətləndirilib. Əgər neftin qiyməti bərpa olunmasa, bizi əlavə itkilər gözləyir və təbii olaraq bizim valyuta ehtiyatlarımız azalacaq. Birinci rübdə, yanvarın birinə nisbətdə artıq valyuta ehtiyatlarımız azalıbdır. Bu, təbiidir və belə olan halda bir daha demək istəyirəm ki, xərclərə böyük diqqətlə baxmalıyıq”

Müəllif;Aynur Qəniyeva