RƏSMİ

24 Sentyabr

GÜNDƏM: Azərbaycanın xarici əlaqələri: BMT sessiyasında görüşlər və COP29 prioritetləri

Azərbaycan, Portuqaliya ilə alternativ enerji mənbələrinin inkişafı sahəsində əməkdaşlığa hazır olduğunu bildirib.

Fins.az xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov bu niyyətini BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Portuqaliyanın xarici işlər naziri Paulo Ranger ilə görüşündə ifadə edib.

Görüşdə iki ölkə arasında siyasi, iqtisadi, energetika, mədəni və humanitar sahələrdə əməkdaşlığın perspektivləri və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əlaqələr müzakirə olunub. Azərbaycanın enerji təhlükəsizliyinə dair Avropa ölkələri ilə uğurlu əməkdaşlığı, eləcə də alternativ enerji mənbələri üzrə Portuqaliya ilə praktiki əməkdaşlıq imkanları xüsusi vurğulanıb.

Bundan əlavə, Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransına sədrliyinin iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcəyi və iki ölkə arasında əməkdaşlığı genişləndirmək üçün yeni imkanlar yaratdığı qeyd olunub.

Nazir Bayramov həmçinin, postmünaqişə dövründə Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki bərpa işləri, mina təhdidi ilə mübarizə, Ermənistanla normallaşma və sülh prosesi haqqında məlumat verib. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən iddialarının sülh prosesinə mane olduğu xüsusi vurğulanıb.

* * *

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Keniya Respublikasının baş naziri, xarici işlər və diaspor naziri Musalia Mudavadi ilə görüşüb.

Fins.az xəbər verir ki, görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

Ceyhun Bayramov, Azərbaycan və Keniya arasında BMT və Qoşulmama Hərəkatı çərçivəsində mövcud olan əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, Keniya tərəfinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik dövründə göstərdiyi dəstəyə görə təşəkkür edib. Görüşdə siyasi, iqtisadi və humanitar sahələrdə ikitərəfli əlaqələrin inkişafı və Azərbaycanın Keniyada səfirliyinin açılmasının münasibətlərə töhfə verdiyi qeyd olunub.

Nazir Bayramov, həmçinin iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlığın vacibliyini vurğulayaraq, bu ilin sonunda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransının (COP29) hazırlıq işləri və bu kontekstdə əməkdaşlıq perspektivlərindən bəhs edib.

Görüşün sonunda Azərbaycan və Keniya arasında siyasi məsləhətləşmələrin keçirilməsinə dair Anlaşma Memorandumu imzalanıb, həmçinin digər regional və beynəlxalq məsələlər də müzakirə edilib.

* * *

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyyəli həftəsi çərçivəsində Avropa İttifaqının (Aİ) iqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstra ilə görüşüb.

Fins.az xəbər verir ki, bu barədə XİN-in rəsmi "X" hesabında paylaşım edilib.

Görüşdə Aİ ilə Azərbaycan arasında əməkdaşlığın aspektlərini və COP29-un prioritetləri müzakirə olunub.

Tərəflər COP29-dan gözlənilən nəticələr barədə fikir mübadiləsi aparıblar.

* * *

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Lüksemburq Böyük Hersoqluğunun xarici işlər və xarici ticarət naziri Xavier Bettellə görüşüb.

Fins.az xəbər verir ki, bu barədə XİN-in rəsmi "X" hesabında paylaşım edilib.

Tərəflər iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

C.Bayramov Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyət və regiondakı reallıqlar, o cümlədən Azərbaycanla Ermənistan arasında sülh və normallaşma prosesinin hazırkı vəziyyəti barədə də məlumat verib.

* * *

BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Kolumbiyanın xarici işlər və ticarət naziri Luis Gilberto Murillo ilə görüşüb.

Fins.az xəbər verir ki, görüş zamanı Ceyhun Bayramov Azərbaycan və Kolumbiya arasında son 30 ildə siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın inkişafının vacibliyini vurğulayıb. O, yüksək səviyyəli səfərlərin və siyasi məsləhətləşmələrin əhəmiyyətini qeyd edib, prioritet sektorlar üzrə əlaqələrin inkişafının önəmini bildirib.

Həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransının tərəfdaşlıq üçün yeni imkanlar yaratdığı müzakirə olunub. C.Bayramov Azərbaycanın Kolumbiya ilə bu sahədə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

Görüşdə Azərbaycan və Ermənistan arasında sülh prosesindən və işğaldan azad olunmuş ərazilərdəki bərpa işlərindən də bəhs edilib. Tərəflər yeni əməkdaşlıq imkanları və digər maraq doğuran mövzularla bağlı fikir mübadiləsi aparıblar.

* * *

Bakıda 30 sentyabr-4 oktyabr tarixləri arasında Bakı İqlim Fəaliyyəti Həftəsi (BİFH) keçiriləcək.

Fins.az xəbər verir ki, bu tədbir beynəlxalq ictimaiyyətin noyabrda Bakıda keçiriləcək COP29-a hazırlaşdığı bir vaxtda iqlim gündəliyinin əsasını təşkil edəcək.

Qeyd edilib ki, Bakı İqlim Fəaliyyəti Həftəsi siyasət, maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət kimi bir sıra sahələrdən, vətəndaş cəmiyyətlərindən və mediadan əsas maraqlı tərəfləri bir araya gətirəcək.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.