COP29-un Azərbaycanda keçirilməsi 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərardır və bizim beynəlxalq nüfuzumuzu, hörmətimizi göstərən vacib amildir.
Fins.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında səsləndirib.
Xarici siyasətdə bundan sonra da geriyə heç bir addımın olmayacağını vurğulayan dövlətimizin başçısı bütün qitələrdə dostlarımızın sayının artdığını söyləyib:
"Biz indi - İkinci Qarabağ müharibəsindən və suverenliyimizi bərpa edəndən sonra daha fəal xarici siyasət aparacağıq".
* * *
Sentyabrın 18-dən 20-dək Banqkokda keçirilən Asiya Konstitusiya Məhkəmələrinin və Ekvivalent İnstitutlar Assosiasiyasının (AKMA) 6-cı Konqresində Azərbaycanın Konstitusiya Məhkəməsinin nümayəndə heyəti iştirak edib.
Konqresdə “Dayanıqlı Cəmiyyət Naminə Konstitusiya Ədalət Mühakiməsinin gücləndirilməsi” və digər aktual mövzularda sessiyalar təşkil olunub. Tədbirdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin videoçıxışı da təqdim edilib. Tailand Kralının xüsusi nümayəndəsi iştirakçılarla görüşüb.
Konqresin yekununda qəbul olunan Banqkok Bəyannaməsində, Assosiasiyaya üzv olan Asiya ölkələrinin Konstitusiya Məhkəmələri, Azərbaycanda keçiriləcək COP29 konfransına dəstək ifadə ediblər.
* * *
Bu gün iqlim gündəliyindəki əsas vəzifələrdən biri Çoxtərəfli İnkişaf Banklarının fəaliyyətində islahatlardır. Bu islahatların məqsədi qlobal dayanıqlı iqtisadiyyata keçidi dəstəkləməkdir. Bankların strategiyalarına iqlim aspektlərinin inteqrasiyası və "yaşıl" maliyyə bazarlarının inkişafı bu prosesin vacib hissəsidir.
Dünya Bankı kimi iri Çoxtərəfli İnkişaf Bankları son illərdə iqlim dəyişmələrindən zərər çəkmiş ölkələrə maliyyəyə çıxışı asanlaşdırmaq üçün islahatlar həyata keçirib. Məsələn, 2017-ci ildə "Mariya" qasırğasından sonra Dünya Bankı Dominikanın bərpası üçün 115 milyon ABŞ dolları ayırıb. Lakin inkişaf etməkdə olan ölkələr hələ də borc asılılığı ilə qarşılaşır və təmiz enerji layihələri üçün yüksək faiz dərəcələri ilə üzləşir.
Çoxtərəfli İnkişaf Banklarının islahatları, maliyyə gücünü artırmaq və banklar arasında koordinasiyanı gücləndirmək məqsədini güdür. G20 ekspertləri 2030-cu ilə qədər illik 2,4 trilyon ABŞ dolları investisiya ehtiyacını qarşılamaq üçün özəl kapitalın nisbətinin iki dəfə artırılmasını tövsiyə edirlər.
Özəl sektorun “ədalətli keçid” prosesində daha fəal iştirakına imkan verəcək “yaşıl” maliyyə bazarlarının inkişafı vacibdir. Ətraf Mühitin Mühafizəsi Fondunun məlumatına görə, Çoxtərəfli İnkişaf Bankları iqlim təsirləri ilə mübarizə üçün maliyyəyə daha asan çıxış təmin etmək üçün addımlar atır, lakin “yaşıl” maliyyə alətlərinin inkişafı hələ də sürətlənməyə ehtiyac duyur.
Mühüm cəhət, özəl sektorun "ədalətli keçid" çərçivəsində daha aktiv öhdəliklər götürməsidir. Mütəxəssislər, davamlı inkişafa keçidin maliyyələşdirilməsini sürətləndirmək üçün özəl investisiyaların artırılmasını tələb edirlər. Bu sahədə islahatlar artıq başlayıb və Dünya Bankı yeni strategiya hazırlayıb.
BMT-nin iqlim üzrə rəhbəri Saymon Stil, iqlim maliyyəsində "kvant sıçrayışı"na ehtiyac olduğunu vurğulayır və bu yanaşmanın bütün ölkələr üçün daha ədalətli olmasını təmin etməyə çağırır.
Noyabr ayında Azərbaycanda keçiriləcək COP29-da iqlim maliyyələşdirməsinin 150 milyard dollara çatdırılması müzakirə ediləcək. 2023-cü ildə Çoxtərəfli İnkişaf Bankları iqlim maliyyəsinin həcmini 125 milyard ABŞ dollarına çatdırıb.
Qeyd edək ki, iqlim dəyişikliyinin təsirlərini aradan qaldırmaq qlobal səviyyədə qətiyyətli və koordinasiyalı hərəkət tələb edir.
* * *
Beynəlxalq Sahilyanı Təmizlik Günü ilə əlaqədar sentyabrın 21-də COP29 Azərbaycan Əməliyyat Şirkəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə növbəti sahilyanı təmizlik aksiyası təşkil edilib.
Fins.az xəbər verir ki, Xəzər dənizinin Lənkəran sahilində baş tutan sahilyanı təmizlik aksiyasına COP29 könüllüləri ilə yanaşı, Regional İnkişaf İctimai Birliyinin Lənkəran şöbəsininin könüllüləri də daxil olmaqla 100-dən artıq iştirakçı qatılıb. Təmizlik aksiyası çərçivəsində 1km-dən artıq sahil zolağı plastik və digər tullantılardan təmizlənib.
Toplanan 1100 kiloqram tullantı utilizasiya üçün Lənkəran Şəhər Abadlıq İdarəsinə təhvil verilib. Eyni zamanda, əvvəlki iməcilik tədbirlərində olduğu kimi bu dəfə də toplanılan tullantıların həcmi haqqında məlumat “Ocean Conservancy” qeyri-kommersiya ətraf mühitin müdafiəsi qrupunun qlobal məlumat bazasına daxil edilib.
Əlavə edək ki, ekoloji tədbirə qatılan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi nümayəndələri Xəzər dənizinin mövcud ekoloji vəziyyəti, tullantıların utilizasiyası, xüsusən də düzgün idarə olunmadığı təqdirdə sualtı ekosistemə təsiri barədə könüllüləri məlumatlandırıb, onların mövzu ilə bağlı suallarını cavablandırıb.