RƏSMİ

23 Fevral

Milli Məclis bələdiyyələrlə bağlı məruzəni təsdiq etdi

Milli Məclisin bu gün keçirilən iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2023-cü ildə fəaliyyəti haqqında məruzəsi müzakirəyə çıxarılıb.

Fins.az-ın məlumatına görə, məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib.

O qeyd edib ki, ötən il inzibati nəzarət orqanına hüquqi ekspertiza üçün təqdim olunan bələdiyyə aktlarının sayı ilk dəfə olaraq 100 mini keçib, 96.363 (96%) aktın qanunvericiliyə uyğun olduğu müəyyən edilib.

“Ümumilikdə inzibati nəzarət icraatı zamanı qanunvericiliyin tələblərinə zidd olan 3800-dən çox aktla bağlı bələdiyyələrə təkliflər verilib, 2405-i ləğv edilib, 1098-i dəyişdirilib, təmin olunmayan 37 təklif üzrə məhkəmələrdə iddia qaldırılıb. Verilmiş təklif və ya məhkəmə iddiaları əsasında 14 min hektardan çox torpaq sahəsinin (o cümlədən 8405 ha örüş sahəsi) bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilmişdir ki, bu da 2022-ci illə müqayisədə 1195 ha çoxdur.

Bələdiyyə fəaliyyəti ilə bağlı baxılmış 4487 müraciətdən 455-i, o cümlədən xüsusi nəzarətdə saxlanılan şəhid ailə üzvlərinin, müharibə iştirakçılarının 369 müraciətindən isə 189-u, başqa sözlə yarıdan çoxu təmin edilib.

2023-cü ildə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549-cu maddəsinə əsasən bələdiyyələrin 63 vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib. İnzibati nəzarət icraatı qaydasında aparılmış araşdırmalar zamanı 30 halda ciddi qanun pozuntuları ilə bağlı toplanmış materiallar aidiyyəti üzrə istintaq orqanlarına göndərilib. Həmin materiallardan artıq 15-i üzrə cinayət işi başlanılıb.

Görülmüş tədbirlər nəticəsində 2022-ci ildə 2020-ci illə müqayisədə yerli büdcə gəlirləri 12,4 milyon manat (35%), o cümlədən yerli vergilərdən daxilolmalar 6 milyon manat (43%) artaraq bələdiyyələrin gəlirləri 47,4 milyon manat səviyyəsinə yüksəlib. 2023-cü ildə də yerli büdcə gəlirlərinin artımı davam edib.

Torpaq icarə haqlarından əvvəlki illər üzrə yaranmış debitor borcların 2.6 milyon manatının ödətdirilməsi təmin edilib. Bələdiyyələrin pul tələbinə dair inzibati aktlarının icra məmurları tərəfindən icrası nəticəsində yerli büdcəyə 1.4 milyon manat vəsait ödənilib.

Yerli vergi ödəyicilərinin uçotunun dəqiq aparılması, kənarda qalan vergi obyektlərinin vergiyə cəlb edilməsi ilə bağlı son 3 ildə 900 minə yaxın vergitutma obyekti Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sisteminə (BAMS) daxil edilmişdir. Bələdiyyələrdə vergi uçotunun tam və dəqiq qurulması məqsədilə zəruri məlumatların Əmlak Məsələləri Dövlət Xidmətindən operativ əldə olunması üçün BAMS-ın Xidmətin elektron bazasına inteqrasiyası üzrə işlər ötən ilin noyabr ayında başa çatdırılıb. Dərhal bələdiyyələrlə davamlı müvafiq hüquqi maarifləndirmə və metodoloji iş aparılmışdır. Ötən il ərzində BAMS-da uçota alınmış 250 min vergitutma obyektinin məhz 55000-i dekabr ayında uçota götürülüb”, - deyə o qeyd edib.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.