RƏSMİ

02 Fevral

Naxçıvan MR-nın Nazirlər Kabineti tərəfindən bir sıra qərarlar qəbul edilib

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən yanvar ayının ikinci 15 günü ərzində bir sıra qərarlar qəbul edilib.

Fins.az xəbər verir ki, Nazirlər Kabinetinin 2024-cü il 19 yanvar tarixli qərarı ilə “Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Qərarında dəyişiklik olunub.

Dəyişikliyə əsasən, heyvanlar aləminin obyektlərindən istifadəyə görə ödəmələr və qeyri-qanuni vəhşi heyvan ovuna görə tətbiq edilən cərimələr müvafiq olaraq, Naxçıvan Muxtar Respublikası ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə üzrə dövlət fonduna və ya xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələrin xüsusi fondlarına keçirilir.

Nazirlər Kabinetinin 2024-cü il 22 yanvar tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin işçilərinin say həddi cəmi 195 ştat vahidi olmaqla, nazirliyin Aparatının işçilərinin say həddi 65, Dövlət Maliyyə Nəzarəti İdarəsinin işçilərinin say həddi 25, yerli bölmələrinin işçilərinin say həddi 98, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin işçilərinin say həddi isə 7 ştat vahidi müəyyən edilib.

Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasının avtomobil yollarında nişanlanma xətlərinin ölçülərinin müəyyən edilməsi haqqında” qərarı ləğv edilib.

Qurumun 2024-cü il 30 yanvar tarixli qərarı ilə “Naxçıvan Muxtar Respublikasında inzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparatının, Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin və Sədərək Rayon Su Monitorinq Laboratoriyasının ştat cədvəllərinin təsdiq edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı İdarəsinin yaradılması və nazirliyin tabeliyindəki bəzi qurumların ştat cədvəllərinin təsdiq edilməsi haqqında”, “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısının təsdiq edilməsi haqqında”, “Bir sıra təşkilatların, publik hüquqi şəxslərin və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan bəzi hüquqi şəxslərin ştat cədvələrinin təsdiq edilməsi haqqında” qərarlarında dəyişiklik edilib.

Dəyişikliyə əsasən, Naxçıvan Muxtar Respublikasında inzibati orqanların Təsnifatına “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Ekoloji Ekspertiza, Ətraf Mühitə və Təbii Ehtiyatlardan İstifadəyə Nəzarət Xidməti”, “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı və Biomüxtəlifliyin Qorunması İdarəsi” sözləri daxil edilib.