RƏSMİ

10 Yanvar

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəriciləri TƏSDİQ EDİLİB

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətlərin, o cümlədən internet xidmətlərinin keyfiyyət göstəriciləri”ni təsdiq edib.

Qurumdan Fins.az-a bildirilib ki, ölkəmizdə rəqabətli və keyfiyyətli telekommunikasiya bazarının formalaşmasına xidmət edən normativ hüquqi akt bu sahədə olan bir sıra beynəlxalq standartlara, o cümlədən Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), Avropa Telekommunikasiya Standartları İnstitutunun (ATSİ) tövsiyələrinə uyğun hazırlanıb.

Sənəd telefon (məftilli) və sellülar (mobil) rabitə, internet xidmətləri, eləcə də bu xidmətlər üzrə müştəri xidmətlərinə dair xidmət keyfiyyət göstəricilərini müəyyən etməklə provayder və operatorların göstərdikləri xidmətin keyfiyyətinin təmin edilməsini və bu göstəricilərin tələb olunan səviyyədən aşağı olmamasını tələb edir.

Bu da öz növbəsində ümumilikdə müştəri məmnuniyyətinin artırılmasına, həmçinin sağlam rəqabət mühitinin formalaşmasına şərait yaradacaq.

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) müvafiq xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi və yüksəldilməsi ilə bağlı tədbirlər görməkdə davam edəcək.

Qeyd edək ki, İKTA ölkədə informasiya-kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

Günel Məlikzadə
Fins.az