RƏSMİ

09 Yanvar

Satınalan təşkilatların, satınalma müqavilələrinin və etibarsız təchizatçıların reyestrləri aparılacaq - QAYDALAR

“Satınalan təşkilatların, satınalma müqavilələrinin və etibarsız təchizatçıların reyestrlərinin aparılması Qaydaları” təsdiq edilib.

Fins.az xəbər verir ki, bu barədə müvafiq qərarı baş nazir Əli Əsədov imzalayıb.

Bu qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Satınalan təşkilatların, satınalma müqavilələrinin və etibarsız təchizatçıların reyestrlərinin aparılması QAYDALARI

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 14.2.8-ci maddəsinə əsasən satınalan təşkilatların, satınalma müqavilələrinin və etibarsız təchizatçıların reyestrlərinin aparılması qaydalarını müəyyən edir.

1.2. Bu Qaydaların məqsədi Qanuna əsasən keçirilən satınalmalarda təchizatçılar arasında ədalətli və sağlam rəqabət mühitinin yaradılmasının, maliyyə vəsaitlərindən səmərəli istifadənin və şəffaflığın təmin edilməsidir.

1.3. Satınalan təşkilatların, satınalma müqavilələrinin və etibarsız təchizatçıların reyestrləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra - AİBNDX) tərəfindən aparılır.

1.4. Bu Qaydalarda istifadə olunan anlayışlar Qanunda və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.

2. Satınalan təşkilatların reyestrinin aparılması

2.1. Satınalan təşkilatlar barəsində aşağıdakı məlumatlar AİBNDX tərəfindən dövlət satınalmalarının vahid internet portalında (bundan sonra - portal) yerləşdirilir:

2.1.1. satınalan təşkilatın adı və VÖEN-i;

2.1.2. təşkilati-hüquqi forması;

2.1.3. rəhbəri;

2.1.4. hüquqi ünvanı;

2.1.5. tabe olduğu təşkilatın adı və VÖEN-i: (varsa)

2.1.6. əlaqə vasitələri (elektron poçt ünvanı və telefon nömrələri);

2.1.7. əlaqələndirici şəxslərin:

2.1.7.1. soyadı, adı, atasının adı;

2.1.7.2. vəzifəsi;

2.1.7.3. əlaqə məlumatları (elektron poçt ünvanı və telefon nömrələri).

2.2. Bu Qaydaların 2.1-ci bəndində qeyd edilən məlumatlar əsasında AİBNDX tərəfindən satınalan təşkilatların reyestri aparılır.

2.3. Bu Qaydaların 2.1-ci bəndində qeyd edilən məlumatlarda dəyişiklik olduğu təqdirdə satınalan təşkilat tərəfindən 10 (on) iş günü müddətində qeydiyyat məlumatlarında müvafiq düzəliş aparılır. Qeyd edilən düzəlişlərin reyestrdə öz əksini tapması AİBNDX tərəfindən təmin edilir.

3. Müqavilələrin reyestrinin aparılması

3.1. AİBNDX satınalma komissiyasının Qanunun 38.11-ci maddəsinə uyğun olaraq portalda yerləşdirdiyi aşağıdakı məlumatları əsasında satınalma müqavilələrinin reyestrini aparır:

3.1.1. satınalan təşkilatın adı;

3.1.2. müqavilə bağlanılmış təchizatçının adı (fiziki şəxs olduqda soyadı, adı, atasının adı);

3.1.3. müqavilə bağlanılmış təchizatçının VÖEN-i;

3.1.4. satınalma predmeti;

3.1.5. müqavilə nömrəsi;

3.1.6. satınalma metodu;

3.1.7. müqavilənin məbləği və valyutası;

3.1.8. imzalanma tarixi;

3.1.9. icra müddəti (tamamlanma tarixi göstərilməklə).

4. Etibarsız təchizatçıların reyestrinin aparılması

4.1. Təchizatçılar aşağıda sadalanan hallarda etibarsız təchizatçıların reyestrinə daxil edilirlər:

4.1.1. təchizatçı eyni satınalma üzrə birdən artıq təklif təqdim etdikdə və ya birdən artıq təklifdə iştirak etdikdə;

4.1.2. təchizatçının satınalan təşkilatdan və ya satınalan təşkilatla təchizatçının eyni qurumdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olduqda;

4.1.3. təchizatçılardan biri digərinin benefisiar mülkiyyətçisi olduqda, yaxud təchizatçıların azı ikisi eyni benefisiar mülkiyyətçinin nəzarətində olduqda, həmçinin təchizatçılardan biri digərinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı olduqda, yaxud təchizatçıların azı ikisinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı eyni şəxs olduqda;

4.1.4. təchizatçı satınalmanın istənilən mərhələsində saxta sənəd və (və ya) məlumat təqdim etdikdə;

4.1.5. satınalmanın keçirilməsi zamanı bir neçə təchizatçı arasında həmin satınalma ilə bağlı hər hansı sövdələşmə həyata keçirildikdə (o cümlədən qiymətin qaldırılmasına yönəldilən sövdələşmə);

4.1.6. satınalmada təchizatçı qismində çıxış edən fiziki şəxs və ya hüquqi şəxsin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1-ci maddəsinə əsasən aidiyyəti şəxsi satınalan təşkilatın rəhbəri ilə qohumluq (ər-arvadlar, valideynlər, övladlar, övladlığa götürənlər, övladlığa götürülmüş şəxslər, babalar, nənələr, nəvələr, doğma (ögey) bacılar və qardaşlar, bacı və qardaşların övladları, bacıların ərləri, qardaşların arvadları, valideynlərin bacıları və qardaşları, ərarvadların valideynləri, bacıları və qardaşları) münasibətində olduqda;

4.1.7. satınalma müqaviləsinin icra edilməsindən boyun qaçırdıqda və ya 1 (bir) təqvim ili ərzində 3 (üç) və ya daha çox satınalmada satınalma müqaviləsinin bağlanılmasından imtina etdikdə, habelə icra təminatını və ya tələb olunduğu halda avans təminatını 1 (bir) təqvim ili ərzində 3 (üç) dəfədən artıq təqdim etmədikdə;

4.1.8. təchizatçılar satınalmanın istənilən mərhələsində Qanunun tələblərinə zidd digər hərəkətlərə (hərəkətsizliyə) yol verdikdə.

4.2. Təchizatçılar bu Qaydaların 4.1.1-4.1.6-cı və 4.1.8-ci yarımbəndlərində qeyd olunan hallarda qeyd edilən halın aşkar edildiyi gündən 5 (beş) iş günü müddətində, bu Qaydaların 4.1.7-ci yarımbəndində qeyd olunan halda isə 15 (on beş) iş günü müddətində satınalan təşkilatdan əsaslandırılmış müraciəti əsasında AİBNDX tərəfindən əsaslandırılmış qərar qəbul edilərək etibarsız təchizatçıların reyestrinə daxil edilirlər.

4.3. Bu Qaydaların 4.1-ci bəndində qeyd olunan hallar AİBNDX tərəfindən aşkar edildikdə təchizatçılar AİBNDX-nin əsaslandırılmış qərarı ilə etibarsız təchizatçılar hesab olunurlar.

4.4. Etibarsız təchizatçıların reyestrində qalma müddəti ərzində təchizatçıların, o cümlədən həmin təchizatçıların iştirakı ilə birgə fəaliyyət aparmaq üçün müqavilə əsasında yaradılmış müvəqqəti və 5 ya daimi birliklərin satınalmalarda birbaşa və ya subpodratçı olaraq iştirakına yol verilmir.

4.5. Etibarsız təchizatçıların reyestrinə daxil edilmiş təchizatçıların aşağıda qeyd olunan müddətlərdə satınalmalarda iştirakı məhdudlaşdırılır:

4.5.1. bu Qaydaların 4.1.1-ci və 4.1.2-ci yarımbəndlərində nəzərdə tutulan hallarda - 3 (üç) ay;

4.5.2. bu Qaydaların 4.1.3-cü və 4.1.8-ci yarımbəndlərində nəzərdə tutulan hallarda - 6 (altı) ay;

4.5.3. bu Qaydaların 4.1.4-4.1.6-cı yarımbəndlərində nəzərdə tutulan hallarda - 12 (on iki) ay;

4.5.4. bu Qaydaların 4.1.7-ci yarımbəndində nəzərdə tutulan halda - 18 (on səkkiz) ay.

4.6. Etibarsız təchizatçıların reyestri AİBNDX tərəfindən portalda açıq məlumat şəklində dərc edilir. Reyestrdə aşağıdakı məlumatlar əks olunur:

4.6.1. təchizatçının adı və VÖEN-i;

4.6.2. təchizatçının hüquqi ünvanı;

4.6.3. etibarsız təchizatçıların reyestrinə daxil edilmə tarixi;

4.6.4. etibarsız təchizatçıların reyestrindən çıxarılacağı tarix;

4.6.5. etibarsız təchizatçıların reyestrinə daxil edilmə səbəbi.

4.7. Etibarsız təchizatçıların reyestrinə daxil edilmə tarixindən sonra 3 (üç) təqvim ili ərzində təchizatçı eyni səbəbdən təkrar etibarsız təchizatçıların reyestrinə daxil edildikdə bu reyestrdə qalma müddəti ümumilikdə 3 (üç) ildən çox olmamaq şərtilə həmin səbəbə görə müəyyən edilmiş müddətin 2 misli qədər, başqa səbəbdən təkrar daxil edildikdə isə sonuncu səbəbə görə müəyyən edilmiş müddətin 1,5 misli qədər hesablanır.

4.8. Təchizatçılar etibarsız təchizatçıların reyestrinə daxil edilmə tarixindən sonra 3 (üç) təqvim ili ərzində bu Qaydaların 4.1-ci bəndində göstərilən pozuntulardan 2 və daha artıq pozuntuya yol verdikdə bu zaman həmin təchizatçının reyestrdə qalma müddəti həmin pozuntulara görə reyestrdə qalma müddətlərinin toplanması qaydasında hesablanır.