“Dəmiryol nəqliyyatında istehsalatla əlaqəsi olmayan insanlarla baş vermiş nəqliyyat hadisələrinin və ya digər bədbəxt hadisələrin xidməti araşdırılması və qeydiyyatı (uçotu) Qaydaları” təsdiq edilib.
Fins.az xəbər verir ki, bu barədə müvafiq qərarı baş nazir Əli Əsədov imzalayıb.
Dəmiryol nəqliyyatında istehsalatla əlaqəsi olmayan insanlarla baş vermiş nəqliyyat hadisələrinin və ya digər bədbəxt hadisələrin xidməti araşdırılması və qeydiyyatı (uçotu) qaydaları
Bu qaydalar dəmiryol nəqliyyatı obyektlərində istehsalatla əlaqəsi olmayan insanların xəsarət alması, o cümlədən ölümü ilə nəticələnən hadisələrin ümumi istifadəli dəmiryol nəqliyyatı infrastrukturunun sahibi və qeyri-ümumi istifadəli dəmir yolunun sahibi (bundan sonra - dəmiryol nəqliyyatı subyekti) tərəfindən xidməti araşdırılması və qeydiyyatı (uçotu) qaydalarını müəyyən edir.
Bu qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
Dəmiryol nəqliyyatı obyekti - dəmiryol nəqliyyatının fəaliyyətini və ya daşıma prosesinin ayrı-ayrı əməliyyatlarının yerinə yetirilməsini təmin edən dəmir yolları, dəmiryol stansiyaları, elektrik təchizatı tikililəri və qurğuları, rabitə şəbəkələri, siqnalizasiya, mərkəzləşmə və bloklama sistemləri, informasiya kompleksləri, hərəkəti idarəetmə sistemləri, digər binalar, tikililər, meydançalar, qurğular, qoruyucu tikililər və avadanlıqlar;
Nəqliyyat hadisəsi - lokomotivin, motor-vaqonlu hərəkət tərkibinin və ya özügedən xüsusi hərəkət tərkibinin (bundan sonra - hərəkət tərkibi) hərəkəti zamanı və onun iştirakı ilə insanların (piyadaların, sərnişinlərin) və nəqliyyat vasitələrinin vurulması nəticəsində onların sağlamlığına zərər vurulmasına və ya ölümünə səbəb olan hadisə;
Bədbəxt hadisə - dəmiryol nəqliyyatı infrastruktur obyektlərində istehsalatla əlaqəsi olmayan insanlarla baş vermiş (hərəkət tərkibindən yıxılma, sərnişinlərin minməsi və ya düşməsi zamanı avtomatik qapılarla sıxılma, hərəkət tərkibi və süni qurğular arasında sıxılma, sərnişin platforması və hərəkət tərkibi arasına düşmə və ya yıxılma, elektrik cərəyanı ilə vurulma, yanğın, partlayış, kimyəvi zəhərlənmə nəticəsində insanların sağlamlığına zərər vurulmasına və ya ölümünə səbəb olan) hadisə;
Nəqliyyat hadisələrinin və ya digər bədbəxt hadisələrin xidməti araşdırılması - baş vermiş nəqliyyat hadisəsi və ya digər bədbəxt hadisə (bundan sonra - hadisə) barədə materialların və məlumatların toplanılması, təhlili, onun səbəblərinin ətraflı və obyektiv öyrənilməsi prosesi.
Bu qaydalarda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
Hadisələrin xidməti araşdırılması və onun nəticələrinin rəsmiləşdirilməsi
Hadisə baş verdikdə, dəmiryol nəqliyyatı subyekti tərəfindən bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aidiyyəti qurumuna və baş vermiş hadisədən asılı olaraq aidiyyəti üzrə digər dövlət qurumlarına dərhal məlumat verilir və xidməti araşdırmanın aparılması üçün ən azı 3 (üç) nümayəndədən ibarət tərkibdə komissiya yaradılır.
Hadisə zamanı, o cümlədən dəmiryol xəttinin üzərində, təhkim zolağında, xüsusi mühafizə zonasında və dəmiryol nəqliyyatının digər obyektlərində xəsarət almış və ya ölmüş insan aşkar edildikdə və ya bu barədə məlumat alındıqda, bu qaydalara uyğun olaraq yaradılmış komissiya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aidiyyəti qurumunun nümayəndəsinin iştirakı ilə hadisə yerində xidməti araşdırma aparır.
Hadisə baş verdikdə, dəmiryol nəqliyyatı subyektinin işçiləri aşağıdakıları təmin edirlər:
Xəsarət alanlara ilkin yardım göstərilməsini;
Təcili tibbi yardımın çağırılmasını;
Hadisə yerinə tibb işçilərinin gəlməsi mümkün olmadıqda, xəsarət alan şəxsin tibb işçilərinin gələ biləcəyi yaxınlıqdakı dəmiryol stansiyasına çatdırılmasını və hərəkətin dərhal bərpa olunmasını;
Hadisə təcili tibbi yardım briqadasının hadisə yerinə yaxınlaşa biləcəyi yerdə baş verdikdə, xəsarət alanın təcili tibbi yardım briqadasına təhvil verilməsini və ya bu məqsədlə dəmiryol nəqliyyatının digər işçisinə təhvil verilməsini və hərəkətin dərhal bərpa olunmasını;
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aidiyyəti qurumunun nümayəndəsi hadisə yerinə gələnədək meyitin və ya ondan ayrılmış hissələrin, həmçinin hadisə yerinin toxunulmazlığının təşkil olunmasını və yalnız həmin nümayəndə hadisə yerinə gəldikdən sonra hərəkətin bərpa olunmasını.
Ərazisində hadisə baş vermiş dəmiryol nəqliyyatı subyekti tərəfindən həmin hadisənin xidməti araşdırılması zamanı aşağıdakıların olması təmin edilir:
Hadisə yerinə və bitişik əraziyə baxış aktı;
Lokomotivin hadisə yerində hərəkət görüntüsü haqqında məlumatlar;
Hadisə anında qeydə alınan hava şəraiti haqqında məlumat;
Dəmiryol hərəkət tərkibinin (onun tormoz sisteminin, səs və işıq siqnallarının) və hadisəyə aidiyyəti olan infrastruktur obyektlərinin (xəbərdarlıq nişanlarının mövcudluğu və vəziyyəti, hadisə sutkanın qaranlıq vaxtında baş verdikdə isə əlavə olaraq zədələnmə (ölüm) yerinin işıqlandırılmasına dair məlumatlar əks olunmaqla) texniki vəziyyətinə baxış aktı;
Hadisənin qarşısının alınması üçün qatarın və ya lokomotivin maşinisti və ya onun köməkçisi tərəfindən görülən tədbirlər barədə dəmiryol nəqliyyatı subyektinin müvafiq texniki rəyi;
Sürətölçən lentin və ya qeydiyyat kasetinin deşifrə edilməsinin nəticələri barədə arayış;
Hərəkət tərkibini idarə edən şəxslər barədə məlumat, onların reysqabağı tibbi müayinədən keçmələri barədə arayış.
Dəmiryol nəqliyyatı subyekti tərəfindən hadisənin xidməti araşdırılması və qeydiyyatının (uçotunun) aparılması 15 (on beş) iş günü müddətində təmin edilir.
Dəmiryol nəqliyyatı subyekti tərəfindən xidməti araşdırmanın nəticələrinə əsasən hər bir xəsarət almış və ya ölmüş şəxsə dair ayrı-ayrılıqda bu Qaydaların 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş formaya uyğun “Dəmiryol nəqliyyatında istehsalatla əlaqəsi olmayan insanlarla baş vermiş nəqliyyat hadisələrinin və ya digər bədbəxt hadisələrin xidməti araşdırılmasına dair akt” tərtib edilir və həmin akt komissiyanın hər bir üzvü tərəfindən imzalanır.
Hadisələrin qeydiyyatı (uçotu) və hesabatı
Dəmiryol nəqliyyatı subyekti tərəfindən ərazisində baş vermiş hadisələrin qeydiyyatı bu Qaydaların 2 nömrəli əlavəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilən “Dəmiryol nəqliyyatında istehsalatla əlaqəsi olmayan insanlarla baş vermiş nəqliyyat hadisələrinin və ya digər bədbəxt hadisələrin qeydiyyatı (uçotu) jurnalı”nda aparılır.
Dəmiryol nəqliyyatı subyekti tərəfindən hadisələrin xidməti araşdırılmasının nəticələrinə görə təhlili aparılır və belə hadisələrin təkrarlanmaması üçün təşkilati və texniki tədbirlər həyata keçirilir.
Dəmiryol nəqliyyatı subyekti hüquq mühafizə orqanlarına onların sorğusu əsasında hadisələr barədə məlumat təqdim edir.