Prezident İlham Əliyev Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu imzalayıb.
Fins.az xəbər verir ki, məcəllədə aşağıdakı dəyişikliklər edilib:
1.1. 90-cı maddə üzrə:
1.1.1. 90.3-cü maddədən “, o cümlədən cəmiyyətə qarşı tələblərin əvəzləşdirilməsi yolu ilə azad edilməsinə” sözləri çıxarılsın;
1.1.2. aşağıdakı məzmunda 90.3-1-ci maddə əlavə edilsin:
“90.3-1. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının artırılması zamanı cəmiyyət iştirakçılarının yekdil qərarı əsasında həmin cəmiyyətə qarşı pul tələbinə malik olan şəxslər pul tələblərini əvəzləşdirməklə və məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı olmaqla nizamnamə kapitalına maya qoymaq vəzifəsindən azad oluna bilərlər. Bu cür təşəbbüslə cəmiyyətə qarşı pul tələbi olan şəxslər və (və ya) cəmiyyət çıxış edə bilər.
Maliyyə bazarlarında nəzarət edilən subyektlərə qarşı pul tələbi olan şəxslərin pul tələblərinin həmin subyektlərin nizamnamə kapitalında payla əvəzləşdirilməsi maliyyə bazarlarını tənzimləyən qanunlarda mühüm iştirak payının əldə olunmasına dair tələblər nəzərə alınmaqla həyata keçirilir.”;
1.1.3. 90.4-cü maddəyə ikinci halda “(və ya)” sözlərindən sonra “cəmiyyətə qarşı pul tələbi olan şəxslərin pul tələblərinin həmin cəmiyyətin nizamnamə kapitalında payla əvəzləşdirməsi yolu ilə və (və ya)” sözləri və aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:
“Maliyyə bazarlarını tənzimləyən qanunlarda pul tələblərinin cəmiyyətin nizamnamə kapitalındakı payla əvəzləşdirilməsi ilə bağlı müddəaların olduğu hallar istisna olmaqla, cəmiyyətin təsərrüfat fəaliyyəti nəticəsində ödənilməmiş zərəri onun nizamnamə kapitalından artıq olduğu halda, həmin artıq məbləğlə iştirak payı ilə əvəzləşdirilməsi nəzərdə tutulan borc məbləği arasındakı fərq əlavə maya qoyulması hesabına aradan qaldırıldıqda cəmiyyətə qarşı pul tələblərinin əvəzləşdirilməsinə yol verilir. Cəmiyyətin təsərrüfat fəaliyyəti nəticəsində ödənilməmiş zərəri müəyyən edilərkən əsas vəsaitlərə amortizasiya ayırmaları hesabına yaranan xərclər nəzərə alınmır.”;
1.2. 103-cü maddə üzrə:
1.2.1. 103.4-cü maddədən “, o cümlədən cəmiyyətə qarşı tələblərin əvəzləşdirilməsi yolu ilə azad etməyə” sözləri çıxarılsın;
1.2.2. aşağıdakı məzmunda 103.4-1-ci maddə əlavə edilsin:
“103.4-1. Səhmdar cəmiyyətin səsvermə hüququna malik olan səhmdarlarının üçdə iki səs çoxluğu ilə həmin cəmiyyətə qarşı pul tələbinə malik olan şəxslər pul tələblərini əvəzləşdirməklə və cəmiyyətin səhmdarı olmaqla (əlavə buraxılmış səhmləri əldə etməklə) cəmiyyətin səhmlərini ödəmək vəzifəsindən azad oluna bilərlər. Bu cür təşəbbüslə cəmiyyətə qarşı pul tələbi olan şəxslər və (və ya) cəmiyyət çıxış edə bilər. Əlavə buraxılmış səhmlərin cəmiyyətə qarşı pul tələbinin əvəzləşdirilməsi ilə əldə edilməsinə qapalı yerləşdirmə üsulu ilə yol verilir. Maliyyə bazarlarında nəzarət edilən subyektlərə qarşı pul tələbi olan şəxslərin pul tələblərinin həmin subyektlərin nizamnamə kapitalında payla əvəzləşdirilməsi maliyyə bazarlarını tənzimləyən qanunlarda mühüm iştirak payının əldə olunmasına dair tələblər nəzərə alınmaqla həyata keçirilir.”;
1.3. 104-cü maddə üzrə:
1.3.1. 104.1-ci maddənin ikinci cümləsi üçüncü cümlə hesab edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Cəmiyyətə qarşı pul tələbi olan şəxslər pul tələbinin əvəzləşdirilməsi yolu ilə səhm əldə etmək təşəbbüsü ilə çıxış etdikdə əlavə səhmlərin buraxılması barədə qərarda həmin səhmləri əldə edəcək şəxslər göstərilməlidir.”;
1.3.2. aşağıdakı məzmunda 104.1-1-ci maddə əlavə edilsin:
“104.1-1. Maliyyə bazarlarını tənzimləyən qanunlarda pul tələblərinin cəmiyyət tərəfindən əlavə buraxılmış səhmlə əvəzləşdirilməsi ilə bağlı müddəaların olduğu hallar istisna olmaqla, cəmiyyətin təsərrüfat fəaliyyəti nəticəsində ödənilməmiş zərəri onun nizamnamə kapitalından artıq olduğu halda, həmin artıq məbləğlə əlavə buraxılmış səhmlə əvəzləşdirilməsi nəzərdə tutulan borc məbləği arasındakı fərq əlavə səhmlər buraxmaq hesabına aradan qaldırıldıqda cəmiyyətə qarşı pul tələblərinin əvəzləşdirilməsinə yol verilir. Cəmiyyətin təsərrüfat fəaliyyəti nəticəsində ödənilməmiş zərəri müəyyən edilərkən əsas vəsaitlərə amortizasiya ayırmaları hesabına yaranan xərclər nəzərə alınmır.”.
Maddə 2. Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.