RƏSMİ

26 Dekabr

Kommersiya mübahisələri yeni qaydada həll ediləcək

Mediasiyanın tətbiqi dairəsi dəyişir.

Fins.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Mediasiya haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, kommersiya mübahisələri mediasiyanın tətbiqi dairəsindən çıxarılır.

Qeyd edilib ki, dəyişikliklər kommersiya mübahisələrinin Milli Məclisə təqdim edilmiş “Arbitraj haqqında” qanun layihəsində əks olunan mübahisələrin alternativ həll vasitələrindən hesab olunan arbitraj institutu vasitəsilə həll mexanizminin inkişaf etdirilməsi və genişləndirilməsindən irəli gəlir.

Layihədə məhkəmədən əvvəl kommersiya mübahisələri üzrə ilkin mediasiya sessiyasında iştirak tələbinin aradan qaldırılması təklif olunur.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.