Prezident İlham Əliyev Hövsan aerasiya qurğusundan Xəzər dənizinə axıdılan tullantı sularının təmizlənməsi və təkrar istifadəsi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında Sərəncam imzalayıb.
Fins.az xəbər verir ki, sərəncama əsasən, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli sərəncamına uyğun olaraq alternativ su mənbələrindən istifadənin genişləndirilməsi, su itkilərinin azaldılması, tullantı sularının təmizlənməsi və təkrar istifadəsi, habelə bu sahəyə yeni texnologiyaların cəlb edilməsi məqsədilə Hövsan aerasiya qurğusundan Xəzər dənizinə axıdılan tullantı sularının təmizlənməsi və təkrar istifadəsi ilə bağlı Abşeron rayonu ərazisində pilot layihə (bundan sonra – pilot layihə) həyata keçirilməlidir.
Nazirlər Kabineti pilot layihənin qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla həyata keçirilməsi ilə əlaqədar zəruri tədbirlər görülməsini təmin etməli, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli sərəncamı ilə yaradılmış Komissiya pilot layihənin həyata keçirilməsi üzrə tədbirlərin əlaqələndirilməsi məsələlərini həll etməlidir.