Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra – Mərkəzi Seçki Komissiyası) 8 dekabr 2023-cü il tarixli 7/15 saylı Qərarı ilə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri 2024-cü il fevralın 7-nə təyin edilmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 25.2.7-ci maddəsinə əsasən Mərkəzi Seçki Komissiyası seçkilərin hazırlanması və keçirilməsi, seçki sistemi və praktikasının təkmilləşdirilməsi, seçicilərin məlumatlandırılması, seçki iştirakçılarının maarifləndirilməsi, eləcə də dairə və məntəqə seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi məqsədilə müxtəlif layihələrin gerçəkləşdirilməsini təmin edir.
Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 3.10-cu bəndinə uyğun olaraq, Mərkəzi Seçki Komissiyası dairə və məntəqə seçki komissiyalarının üzvləri üçün mütəmadi qaydada seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirir.
Buna görə də Seçki Məcəlləsi ilə vəzifə və səlahiyyətləri müəyyənləşdirilmiş qurumların da iştirakı ilə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri dövründə dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirilməsi, dairə və məntəqə seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi üçün səsvermə günü prosedurlarına həsr olunan treninqlərin və digər layihələrin təşkil olunması, dövlət avtomatlaşdırılmış informasiya sisteminin işini dairə seçki komissiyalarında təmin edən kompüter mütəxəssisləri üçün seminar-treninqlər keçirilməsi, televiziya və radio proqramları, eləcə də digər yayım qurumları vasitəsilə seçki qanunvericiliyinin izahı, seçicilərin məlumatlandırılması, əyani vəsaitlər hazırlanması, nümayiş etdirilməsi və digər maarifləndirmə tədbirlərinin reallaşdırılması Mərkəzi Seçki Komissiyası tərəfindən təmin edilməlidir.
Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.7-ci, 25.3-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:
1. 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri dövründə seçki iştirakçıları üçün müxtəlif istiqamətlər üzrə çoxsaylı layihələri əhatə edən genişmiqyaslı maarifləndirmə proqramı həyata keçirilsin.
2. Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyaları öz səlahiyyətləri daxilində bu Qərarın icrası ilə əlaqədar müvafiq tədbirlər görsün.
3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov